Mən bu barədə çox düşündüm. Lakin gücümün hələ tükənmədiyini və Azərbaycan kinosuna fayda verə biləcəyimi nəzərə alaraq namizədliyimin irəli sürülməsinə razılıq verdim.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Xalq artisti Şəfiqə Məmmədova deyib.
Azərbaycan kinosundakı mövcud vəziyyətdən danışan Şəfiqə Məmmədova bu sahədə canlanmanın müşahidə olunduğunu bildirib. O qeyd edib ki, yeni filmlərin çəkilməsi sevindirici haldır.
“Yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən bəhs edən “44” filminin təqdimatı keçiriləcək. Bu ekran əsərindən gözləntilərim böyükdür. Tamaşaçılar müharibədən və tarixi Zəfərimizdən bəhs edən yeni bir film izləyəcəklər”, – deyə o əlavə edib.
Şəfiqə Məmmədovanın sözlərinə görə, hazırda kino sahəsində çəkilişlər aparılır, yeni ssenarilər yazılır, layihələr müvafiq komissiyalarda müzakirə və təsdiq olunur. Kino Agentliyində də genişmiqyaslı işlər həyata keçirilir.
“Mən də bu proseslərə qoşularaq əlimdən gələni etməyə, bilik və bacarığımı Azərbaycan kinosunun inkişafına yönəltməyə hazıram. Kinomuz naminə bütün qüvvəmlə çalışacağam”, – deyə Şəfiqə Məmmədova fikrini yekunlaşdırıb.