Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Guba Open 2026” II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

 

Şahmat Federasiyasından bildirilib ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunub.

A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov “Guba Open 2026” Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə yarışda ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk üçlüyü qapayıb.

B turnirində 8 xal toplayan Əli Məmmədov birincilik əldə edib. Hərəyə 7 xalı olan Emin Gəncəliyev və Anar Bağışov 2-3-cü yerləri bölüşüb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rüstəm Rüstəmov rapid turnirində, Xaqan Əhməd isə blitsdə qalib adını qazanıb.

Xatırladaq ki, turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Ümumi mükafat fondu 24 min 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.

Qeyd edək ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində keçiriləcək növbəti yarış “Ganja Open” olacaq. Nizami yurdunda festival 11-18 oktyabr tarixində təşkil olunacaq.