Qlobal iqtisadi münasibətlərdə baş verən dəyişikliklər, ənənəvi ticarət marşrutlarına alternativlərin axtarılması və regionlararası əlaqələrin yenidən qurulması Avrasiyada nəqliyyat-logistika xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Bu mənzərədə Şərqlə Qərbi birləşdirən Orta dəhliz getdikcə daha böyük əhəmiyyət qazanır.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhlizin əsas üstünlüyü onun Asiya ilə Avropa arasında alternativ və çevik bağlantı yaratmasıdır. Marşrutun mühüm halqalarından biri isə Azərbaycandır. Ölkəmizin Xəzər hövzəsində yerləşməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində qərar tutması, həmçinin son illərdə nəqliyyat infrastrukturuna yatırdığı böyük investisiyalar Azərbaycanın mövqeyini daha da gücləndirib.
Azərbaycan dəmir yolları, avtomobil magistralları, dəniz limanı və logistika imkanlarını vahid sistemdə birləşdirərək regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.
Bakıda keçirilən “Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar” adlı beynəlxalq konfrans da bu reallığın göstəricilərindən biridir. Müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi belə platformalar nəqliyyat dəhlizlərinin artıq yalnız logistika məsələsi olmadığını, onların iqtisadi əməkdaşlıq, investisiya və regional təhlükəsizlik baxımından da mühüm rol oynadığını nümayiş etdirir.
Azərbaycanın bu prosesdəki mövqeyi Prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, ölkənin coğrafi mövqeyi Asiya ilə Avropa arasında bağlantının təmin edilməsində mühüm üstünlük yaradır. Lakin bu üstünlüyü real iqtisadi imkanlara çevirən əsas amillərdən biri məhz illər ərzində yaradılmış müasir infrastrukturdur.
Azərbaycanın Orta dəhlizdəki rolunu müəyyənləşdirən əsas layihələr sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkə ərazisində yenilənən avtomobil magistralları xüsusi yer tutur.
Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi dəhlizin yükötürmə imkanlarını artırır. Xəzər üzərindən daşımaları təmin edən dəniz infrastrukturu isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm bağlantı yaradır.
Bununla yanaşı, Azərbaycanın geniş ticarət donanması, liman imkanları, gömrük və sərhəd prosedurlarının təkmilləşdirilməsi, logistika sistemlərinin rəqəmsallaşdırılması daşımaların daha sürətli və səmərəli təşkilinə imkan verir.
Beləliklə, Azərbaycanın üstünlüyü yalnız coğrafi mövqedən ibarət deyil. Coğrafiya infrastrukturla, infrastruktur isə siyasi sabitlik və regional əməkdaşlıqla tamamlanır. Məhz bu amillərin vəhdəti ölkənin Orta dəhlizdəki rolunu strateji səviyyəyə yüksəldir.