İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur gələcəyin qurulduğu böyük bir quruculuq meydanına çevrilib. Vaxtilə erməni vandalizmi nəticəsində dağıdılan şəhər və kəndlərin yerində müasir yaşayış məntəqələri salınır, yeni yollar və kommunikasiyalar çəkilir, enerji, qaz, su və rabitə infrastrukturu yaradılır.
Bu prosesin əsas hədəfi yalnız dağıdılmış əraziləri bərpa etmək deyil. Qarabağ və Şərqi Zəngəzurun yenidən ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası, burada dayanıqlı məskunlaşmanın təmin olunması və insanların öz doğma yurdlarında təhlükəsiz və rahat həyat qurması əsas prioritetlərdəndir.
Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirilmiş Milli Prioritetlərindən biri kimi təsbit olunması da bu strategiyanın dövlət siyasətindəki xüsusi əhəmiyyətini göstərir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiqi ilə qarşıya konkret vəzifələr qoyulub. Hazırda həyata keçirilən layihələr həmin məqsədlərin mərhələli şəkildə reallaşdırılmasına xidmət edir.
Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri minatəmizləmə prosesi ilə paralel aparılır. Ərazilərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, yaşayış məntəqələrinin yenidən qurulması, avtomobil yollarının və digər nəqliyyat xətlərinin salınması, elektrik enerjisi, qaz və içməli su təchizatının yaradılması istiqamətində genişmiqyaslı işlər görülür.
Bu mənzərəni Böyük Qayıdışın növbəti ünvanlarından biri olan Cəbrayıl rayonunun Şükürbəyli kəndində də görmək mümkündür.
Sentyabrın 10-da kəndə növbəti köç həyata keçirilib. 25 ailədən ibarət 154 nəfər doğma kəndinə qayıdaraq burada onlar üçün yaradılmış yeni yaşayış şəraiti ilə tanış olub. Vaxtilə işğal nəticəsində yurdlarından didərgin düşən sakinlər bu dəfə öz evlərinə artıq tamamilə yenidən qurulmuş Şükürbəyliyə qayıdıblar.
Kənddə yaşayış üçün bütün əsas imkanlar yaradılıb. Burada iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və inzibati bina fəaliyyət göstərəcək. Kəndin enerji təminatı üçün 35/10 kV-luq yarımstansiya inşa olunub.
Şükürbəyliyə qayıdan ailələrin timsalında Böyük Qayıdışın əsas mahiyyəti də aydın görünür: məqsəd insanları sadəcə doğma torpaqlarına qaytarmaq deyil, həmin ərazilərdə müasir və dayanıqlı həyat üçün bütün şəraiti yaratmaqdır.
Bu gün Qarabağda hər yeni açılış, hər yeni köç prosesi Böyük Qayıdışın növbəti mərhələsinin göstəricisidir. Dağıdılmış şəhər və kəndlərin yerində qurulan yeni həyat isə Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu əsas hədəflərdən birinin – insanların öz doğma torpaqlarında təhlükəsiz, rahat və firavan yaşayışının təmin edilməsinin real nəticəsidir.