Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkəmizdə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının təşəbbüsü və diqqəti sayəsində tarix və mədəniyyətimizin mühüm nümunələri olan məscid, kilsə və sinaqoqlar əsaslı şəkildə bərpa edilir, yenidən qurulur və onların ilkin tarixi-memarlıq əlamətləri qorunur. Dini qurumlara hər il göstərilən maddi dəstək, müxtəlif konfessiyaların sərbəst fəaliyyətinə yaradılan əlverişli şərait, eləcə də mənəvi-mədəni irsə yüksək ehtiram Azərbaycanda dövlət-din münasibətlərinin sağlam və nümunəvi əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Bu siyasət ölkəmizdə birgəyaşayışın, qarşılıqlı hörmət və dözümlülük mühitinin qorunmasına, multikultural ənənələrin daha da möhkəmləndirilməsinə və cəmiyyətin həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələrə həyata keçirir.
Çıxışında Milix Yevdayevin Azərbaycanda multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətindəki xidmətlərindən də bəhs edən Komitə sədri onun bu sahədəki fəaliyyətinə dövlət tərəfindən hər zaman xüsusi diqqət göstərildiyini və yüksək qiymətləndirildiyini vurğulayıb.
Milix Yevdayev ona göstərilən diqqət və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasını həyatında mühüm əhəmiyyət daşıyan, eyni zamanda, böyük şərəf və məsuliyyət doğuran hadisə kimi qiymətləndirib. Milix Yevdayev bundan sonra da mədəni müxtəlifliyin qorunması və tolerantlıq siyasətinin təşviqinə öz töhfəsini verməyə çalışacağını bildirib.