İşğaldan azad edilmiş ərazilərdə bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən mühüm prioritetlərdən biridir. Otuz ilə yaxın davam edən işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələri ilə yanaşı, tarixi-mədəni irs nümunələri də ciddi dağıntılara məruz qalıb. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə dağıdılıb, təhqir edilib və ya öz ilkin görkəmini itirib.
Bu gün isə həmin abidələrin bərpası ilə yanaşı, ərazilərin tarixi simasının yenidən formalaşdırılması istiqamətində mühüm işlər görülür. Məscidlər, türbələr, tarixi tikililər və digər mədəni irs nümunələri bərpa olunur. Bu proses yalnız daş və divarların yenilənməsi deyil, həm də xalqın tarixi yaddaşının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixi irsin bərpası ilə yanaşı, Qarabağda yeni həyatın qurulması üçün müasir və dayanıqlı infrastruktur da yaradılır. Çünki insanların doğma torpaqlarına qayıdışı yalnız yaşayış evlərinin inşası ilə məhdudlaşmır. Burada rahat və təhlükəsiz həyat üçün yollar, elektrik, qaz və su xətləri, məktəblər, tibb müəssisələri, sosial və ictimai obyektlər də inşa edilir.
Yeni yaşayış məhəllələrinin salınması, şəhər və kəndlərin müasir planlaşdırma prinsipləri əsasında qurulması, nəqliyyat əlaqələrinin bərpası və yeni yolların çəkilməsi regionun gələcək inkişafının əsasını formalaşdırır. Mövzu ilə bağlı millət vəkili Rizvan Nəbiyev deyib:
“Azərbaycanın qısa müddətdə həyata keçirdiyi yol infastruktur layihələri, yaşayış evlərinin qurulması, çoxsaylı məktəblər və digər infastruktur layihələri. Və vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz təkcə qrup yaratmırıq eyni zamanda tarixi dini abidələrimizi bərpa edirik”.
Beləliklə, bir tərəfdən dağıdılmış abidələr öz ilkin görkəminə qaytarılır, digər tərəfdən müasir şəhərlər, kəndlər və yeni yaşayış məkanları salınır.
Bu gün artıq keçmiş məcburi köçkünlərin bir hissəsi doğma torpaqlarına qayıdaraq burada yeni həyat qurur. Qurulan hər ev, çəkilən hər yol, bərpa olunan hər abidə bu qayıdışın ayrı-ayrı, lakin bir-birini tamamlayan səhifələridir.
Böyük Qayıdışla Qarabağda həyat yenidən canlanır. Keçmişin izləri qorunur, dağıntıların yerində yeni yaşayış məkanları yaranır və illərlə həsrətində olduğumuz torpaqlar gələcəyə doğru yenidən qurulur.