AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Kəlmələrin yolçuluğu: ön sözlərdən elmə, şeirdən romana” adlı yeni kitabı nəşr olunub.

 

İnstitutdan bildirilib ki, topluda müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, ədəbi-tənqidi və analitik yazılar, eləcə də ayrı-ayrı nəşrlərə yazılmış ön sözlər bir araya gətirilib. Toplu yalnız müxtəlif mətnlərin antologiya prinsipi əsasında bir araya gətirilməsi deyil, müxtəlif ədəbi, elmi və estetik kontekstlərdə formalaşmış düşüncə sisteminin ardıcıl şəkildə təqdim olunması kimi səciyyələndirilir. Yazılar xronoloji ardıcıllıqla təqdim edilərək müəllifin uzun illər ərzində formalaşan intellektual axtarışlarının, estetik yanaşmalarının və poetik təhlil metodologiyasının inkişaf xəttini izləməyə imkan verir. Nəşrdə Şah İsmayıl Xətainin çoxşaxəli irsi, Rəsul Rzanın poeziyası, Anarın nəsrində ölüm və ekzistensial tənhalıq, dünyanın dərkinin poetik formaları, Arif Fərzəlinin və Vahid Əzizin yaradıcılığı, o cümlədən Vahid Əzizin şeirlərində Qarabağ müharibəsi kimi mövzular araşdırılır. Kitabda, həmçinin ocaq kultunun dini-təsəvvüfi əsasları, Dədə Qorqud ənənəsinin müasir ədəbiyyatda təzahürləri, Süleyman Əlisanın yaradıcılığı, Nurəddin Ədiloğlunun “Taxt və Tabut” romanı, müasir eşq dastanları və türk xalqları folklorunun tarixi-müqayisəli mənzərəsi kimi məsələlərə geniş yer verilir. Kitabda poeziyanın estetik və semiotik imkanlarından folklorun struktur-semantik xüsusiyyətlərinə, kollektiv yaddaşdan mifoloji və dini-təsəvvüfi düşüncə qatlarına qədər müxtəlif istiqamətlər bir-biri ilə əlaqəli şəkildə təhlil edilir. Müəllif poetik mətnləri yalnız ədəbi nümunə kimi deyil, həm də onların arxasında dayanan semiotik, hermenevtik, estetik və sosial-mədəni prinsiplər kontekstində nəzərdən keçirir.

Nəşrin diqqətçəkən cəhətlərindən biri də bəzi yazıların ilk dəfə çap olunmasıdır. Anarın ölüm mövzusu ətrafında qurulmuş ekzistensial hekayələrinə həsr olunmuş təhlil, Kamal Abdullanın əsərlərindən biri ilə bağlı hazırlanmış, lakin müzakirə mərhələsində səsləndirilməmiş məqalə, həmçinin Tahir Orucovun “Xalq oyunları: poetikası və mətnləri” araşdırması üçün yazılmış elmi məqalə ilk dəfə bu kitabda oxuculara təqdim edilir. “Kəlmələrin Yolçuluğu” adı kitabın əsas konseptual xəttini də ifadə edir. Müəllifin yanaşmasına görə, kəlmə ön sözlərdən elmi təhlillərə, şeirdən hekayə və roman nəzəriyyəsinə qədər uzanan intellektual yol keçərək müxtəlif diskurslar arasında əlaqə yaradır. Kitab ədəbiyyatşünaslıq, folklorşünaslıq və humanitar elmlərin digər istiqamətləri üzrə araşdırma aparan mütəxəssislər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.