Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və mənəvi irsini dünya miqyasında təbliğ edən “İrs-Urithi” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi nəşr olunub. Jurnal Azərbaycan həqiqətlərinin Şərqi Afrika regionunda, xüsusilə suahili dilli 200 milyondan çox əhali arasında geniş auditoriyaya çatdırılması məqsədini daşıyır.

 

Jurnalın baş redaktoru Musa Mərcanlının ilk buraxılışdakı “Ön söz”ündə nəşrin indiyədək dünyanın 21 müxtəlif dilində uğurla işıq üzü gördüyü, suahili dilindəki bu buraxılışın isə Afrika qitəsindəki mühüm regional layihələrdən biri olduğu vurğulanır. Baş redaktor oxuculara Azərbaycanın coğrafi mövqeyi, keçdiyi inkişaf yolu, ərazilərinin işğaldan azad edilməsi və hazırda həmin torpaqlarda aparılan böyük yenidənqurma işləri barədə ətraflı məlumat verir. Onu da qeyd edək ki, jurnalın ilk nömrəsinin əsas məqalələri WUF13 və Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub.

Nəşrin ilk nömrəsində Şərqi Afrika regionu üçün mühüm əhəmiyyət kəsb edən mövzulara geniş yer ayrılıb. Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Alis Vahomenin (Alice Wahome) müəllifi olduğu məqalə oxucuların diqqətinə təqdim edilib. Nazir öz məqaləsində Keniyanın Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Prezident Uilyam Rutonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmasını, Keniyanın əlçatan mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsindəki qlobal təcrübəsini yüksək qiymətləndirib. A.Vahome, həmçinin rəhbərlik etdiyi nazirlik ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyev arasında Bakıda imzalanmış qarşılıqlı Anlaşma Memorandumunun iki ölkə arasında şəhərsalma və müasir infrastruktur sahəsində birgə təcrübə mübadiləsinə və yeni tərəfdaşlıq mərhələsinə yol açacağını vurğulayıb.

Jurnalın ilk nömrəsində Şərqi Afrika regionu üçün xüsusi əhəmiyyət kəsb edən mövzulara, o cümlədən Azərbaycan Respublikasının Keniya və Konqodakı səfiri, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) yanında daimi nümayəndəsi Sultan Hacıyevin iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə və inkişaf perspektivlərinə həsr olunmuş analitik məqaləsinə geniş yer ayrılıb. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Keniya Prezidenti Uilyam Ruto arasında Nyu-Yorkda keçirilən yüksək səviyyəli görüş, Bakının ev sahibliyi etdiyi COP29 qlobal iqlim sammitində Keniyanın yüksək səviyyədə təmsil olunması və ADA Universiteti ilə Keniya Xarici İşlər Nazirliyinin Xarici Xidmət Akademiyası arasında imzalanmış əməkdaşlıq sənədləri xüsusi qeyd olunur.

Bundan başqa, jurnalın “Dəyərlərimiz” və “Memarlıq” bölmələrində Rəvan Həsənovun ölkəmizdəki tolerantlıq modelinə həsr olunmuş yazısı, dünyaşöhrətli memar Zaha Hadidin şah əsərlərindən olan Heydər Əliyev Mərkəzi, Bakının tarixi İçərişəhəri və paytaxt memarlığındakı "Art Nouveau" üslubunun inciləri barədə rəngarəng fotoreportajlar və elmi-kütləvi materiallar suahili dilində oxuculara təqdim edilib. Üz qabığında Bakının müasir rəmzlərindən olan "Alov Qüllələri"nin təsvir olunduğu jurnalın bu debüt buraxılışı, Azərbaycan ilə Şərqi Afrika ölkələri arasında mədəni-humanitar körpülərin qurulmasına mühüm töhfədir.