Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin seçilmiş əsərləri Almaniyada fortepiano, vokal və kamera ansamblı üçün hazırlanmış xüsusi not məcmuəsində nəşr olunub.

 

Azərbaycanın Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Hans-Jürqen Maurer” nəşriyyatı tərəfindən hazırlanan nəşr bəstəkarın irsinin almandilli musiqi mühitində daha geniş tanıdılmasına yönəlib. Nəşrin redaktoru Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

Topluda görkəmli bəstəkarın “Koroğlu”, “Leyli və Məcnun” operalarından, “Arşın mal alan” operettasından seçilmiş hissələr, Nizami Gəncəvinin qəzəlləri əsasında yazılmış “Sənsiz” və “Sevgili canan” romansları, həmçinin “Arazbarı”, “Aşıqsayağı” kimi kamera əsərləri və “Sənsiz”in fortepiano işləməsi yer alıb.

Nəşrin diqqətçəkən cəhətlərindən biri vokal əsərlərinin almandilli ifaçılar üçün xüsusi şəkildə hazırlanmasıdır. Məcmuədə Azərbaycan dilindəki orijinal mətnlərlə yanaşı, onların alman dilinə tərcüməsi və fonetik transkripsiyası təqdim edilir. Bu yanaşma ifaçılara əsərlərin məzmununu daha yaxşı anlamaqla yanaşı, Azərbaycan dilinin poetik xüsusiyyətlərini, düzgün tələffüzü, intonasiyanı və dil normalarını qorumağa imkan verir.

Məcmuədə musiqişünas professor Albrext fon Massovun dahi bəstəkarın yaradıcılığı barədə fikirləri də əksini tapıb. O vurğulayıb ki, bu seçim Üzeyir Hacıbəylinin milli mədəni sərvət kimi beynəlxalq ifaçılıq praktikasına inteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyır.

Nəşr artıq Almaniyada və digər almandilli ölkələrdə fəaliyyət göstərən bir sıra musiqi məktəblərinə və kitabxanalara göndərilib və bu proses davam etdirilir. Bu baxımdan nəşr təkcə not məcmuəsi deyil, dahi Üzeyir Hacıbəyli yaradıcılığının yeni ifaçı auditoriyasına çıxışı üçün praktik musiqi resursu kimi də əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanın milli mədəni irsi, o cümlədən musiqi xəzinəsinin almandilli mühitdə təbliği məqsədilə bu istiqamətdə fəaliyyət ardıcıl davam etdiriləcək.