Qubada Milli Qəhrəman, baş leytenant Rafiq Nəsrəddinovun anadan olmasının 65-ci ildönümü qeyd olunub.
Quba Tarix-Diyarşünaslıq Muzeyinin Şəhidlər Muzeyi filialında keçirilən tədbirdə, həmçinin “Səngərdən keçən şanlı ömürlər – Qubalı qəhrəmanların Vətən savaşı” kitabı təqdim edilib.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlər Muzeyində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Nəsrəddinov 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, 1994-cü ildə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə Rafiq Nəsrəddinovun həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Onun Vətən qarşısındakı xidmətləri və göstərdiyi qəhrəmanlıq barədə məlumat verilib. Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.
Sonra şair-publisist Cabir Alpoğlu Albantürk tərəfindən çapa hazırlanaraq nəşr etdirilən “Səngərdən keçən şanlı ömürlər – Qubalı qəhrəmanların Vətən savaşı” kitabının təqdimatı keçirilib.
Bildirilib ki, kitabda Quba rayonunun Qarabağ və Vətən müharibələrində iştirak etmiş qəhrəman oğullarının həyat və döyüş yolu əksini tapıb. Müxtəlif müəlliflərin yazılarının yer aldığı nəşrdə qəhrəmanların Vətənə sədaqəti və döyüşlərdə göstərdikləri şücaətdən bəhs olunur.