Azərbaycanın tarixini, mədəniyyətini və zəngin irsini beynəlxalq auditoriyaya çatdıran “İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi – “İRS-Meros” işıq üzü görüb. Yeni nəşr Azərbaycan və Özbəkistan xalqları arasında tarixi-mədəni əlaqələrə, ortaq mənəvi dəyərlərə və Azərbaycanın müasir inkişafına həsr olunmuş materialları özündə birləşdirib.

 

Jurnalın baş redaktoru Musa Mərcanlının giriş yazısında yeni nəşrin əsas məqsədinin Azərbaycan haqqında obyektiv elmi və mədəni məlumatları özbək oxucusuna çatdırmaq olduğu bildirilib.

Bu nömrədə Azərbaycan–Özbəkistan münasibətlərinin həm tarixi, həm də müasir aspektlərinə geniş yer verilib.

Beynəlxalq münasibətlər üzrə ekspert Şöhrət Oripovun “Özbəkistan və Azərbaycan – dostluq və etimada əsaslanan strateji əməkdaşlıq” məqaləsində iki xalqı birləşdirən tarixi və mədəni bağlardan, müasir əməkdaşlığın əsas istiqamətlərindən bəhs olunub. Filologiya elmləri doktoru Şöhrət Hayıtov “Sıx bağlı tarix və parlaq gələcək, yaxud Azərbaycan və Yeni Özbəkistan münasibətlərində parlaq dövr” yazısında iki ölkə xalqları arasında çoxəsrlik əlaqələrə diqqət yetirib.

Tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram İrzayevin “Vahid ideyalar və bir-birinə həsrət qəlblər” məqaləsi XX əsrin əvvəllərində Azərbaycan və Türküstan ziyalıları arasında yaranmış mətbuat, maarif, mədəniyyət və siyasi əlaqələrdən bəhs edir. “Qarabağ” bölməsində Professor Əhməd Sami Elaydinin “İkinci Qarabağ müharibəsindən beş il sonra: Qələbə, dirçəliş və sülhə aparan yol” məqaləsi təqdim olunur. Yazıda Qarabağda aparılan bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi haqqında məlumat verilib. Memarlıq üzrə materialda Əminə Məlikovanın “Ada layiq olmağın xoşbəxtliyi” məqaləsi ilə Heydər Əliyev Mərkəzinin memarlıq xüsusiyyətləri və Azərbaycanın müasir memarlıq simvoluna çevrilməsi haqqında söhbət açılıb.

“Azərbaycanı kəşf edək” rubrikasında Rəhman Babacanın “Qardaş ölkə Özbəkistana qucaq açan Azərbaycan – ortaq köklərdən vahid məqsədlərə doğru” yazısı isə müəllifin Bakı, İçərişəhər və Azərbaycanın digər məkanlarına səfər təəssüratlarını əks etdirib. Nəşrin “Keçmişdən müjdələr” rubrikasında Abdussəttar Cumanazarın “Nizami Gəncəvi və bülbül” məqaləsi yer alıb. Müəllif Gəncəyə səfərindən, Nizami Gəncəvinin məqbərəsindən və böyük şairin irsinin Özbəkistanda qorunan əlyazmalarından söz açıb.

“İRS-Meros”un özbək dilində nəşrə başlaması “İRS” beynəlxalq jurnalının Azərbaycan haqqında məlumatların müxtəlif xalqların öz dillərində yayılması istiqamətində fəaliyyətinin davamıdır. Hazırda jurnal 22 dildə nəşr olunur və Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, mədəni irsinin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edib.