Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, “Qurani-Kərim” tilavət olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutduğunu bildirib. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifənin ölkənin ərazi bütövlüyünün bərpası olduğunu vurğulayıb.

Allahşükür Paşazadə Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə şəfa diləyib. O bildirib ki, müharibə günlərində din xadimləri xalqın, əsgərlərin və şəhid ailələrinin yanında olub, onlara dini-mənəvi dəstək göstəriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri müxtəlif dini konfessiyaların nümayəndələrinin Vətən müharibəsi günlərində və Zəfərdən sonrakı dövrdə həmrəylik nümayiş etdirdiklərini diqqətə çatdırıb. O, müsəlman, xristian və yəhudi icmalarının nümayəndələrinin Azərbaycanın haqq mübarizəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyət göstərdiklərini bildirib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın əldə etdiyi Zəfərdə xalq-dövlət birliyinin və milli-mənəvi həmrəyliyin mühüm rol oynadığını vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, dini-mədəni irsin bərpasından və məscidlərin, ibadətgahların yenidən qurulmasından danışıb.

Tədbirdə digər çıxış edənlər də 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyi vurğulayıblar.

Çıxışlarda müxtəlif dini və etnik icmaların nümayəndələrinin Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin və xalqın yanında olduğu, şəhidlərin xatirəsinə göstərilən ehtiramın bütün dini icmalar üçün mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanda mövcud olan dini və milli həmrəylik ölkənin ictimai həyatının mühüm xüsusiyyətlərindən biridir.

Dini konfessiyaların rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edərək, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.

Tədbirdə Azərbaycanın dini konfessiya rəhbərlərinin birgə bəyanatı səsləndirilib.

Sonda şəhidlərin xatirəsinə ehsan verilib.