Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.

 

Nazir uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycanın dənizə çıxışı olmayan coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına çevirdiyini vurğulayıb.

Ceyhun Bayramov tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal bağlantıların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun vahid sistemdə birləşdirilməsi qlobal ticarət arxitekturasının dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır.

Ceyhun Bayramov davamlı bağlantının təmin olunması üçün sülhün zəruri şərt olduğunu vurğulayıb. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların, eləcə də TRIPP təşəbbüsünün regional və qlobal tranzit şəbəkələrinin genişləndirilməsinə yaradacağı imkanlardan danışıb.