Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Korin Amori Brünet ilə görüşüb.

 

Görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin yaradılması, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələndirmənin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iqtisadi və humanitar əməkdaşlıq imkanlarından, eləcə də əsas inkişaf sahələrində mövcud potensialdan daha səmərəli istifadənin vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Benin Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.

Qeyd olunub ki, saziş yüksək səviyyəli qarşılıqlı səfərlərin asanlaşdırılması və Azərbaycan ilə Benin arasında uzunmüddətli diplomatik tərəfdaşlığın inkişafı üçün hüquqi-institusional əsas yaradacaq.