Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində Azərbaycanın nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Sentyabrın 27-də Konqres çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Azərbaycanın Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ətraf mühitə təsir edən cinayətlərə qarşı mübarizədə qalib gəlmək: Vədlərdən nəticələrə doğru” mövzusunda yüksəksəviyyəli xüsusi tədbir keçirilib.
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru Monica Juma, İnterpolun direktoru Lucas Philippe, Fransanın Ədliyyə naziri Gerard Darmanin və BƏƏ Daxili işlər nazirliyinin Baş İdarə rəisi xanım Dana Al Marzouqinin də panelçi qismində qatıldığı tədbirdə ətraf mühit sahəsində mütəşəkkil cinayətkarlıq və korrupsiya, vəhşi təbiətə qarşı cinayətlər, meşə cinayətləri, qanunsuz mədən hasilatı, tullantıların qanunsuz dövriyyəsi, çirklənmə və balıqçılıq sahəsində cinayətlərlə mübarizədə mövcud çağırışlar müzakirə edilib. Bu sahədə hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin, əməli əməkdaşlığın, qabaqcıl təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən Vüqar Əliyev ətraf mühitə təsir edən cinayətlərin transmilli xarakter daşıdığını qeyd edərək, bu növ cinayətkarlığa qarşı mübarizədə dövlətlər və beynəlxalq təşkilatlar arasında praktiki əməkdaşlığın genişləndirilməsinin, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və müasir texnologiyalardan səmərəli istifadənin vacibliyini vurğulayıb.
Tədbirin yekununda “Ətraf mühitə təsir edən cinayətlər üzrə Əbu-Dabi Fəaliyyətə Çağırışı 2026” təşəbbüsü təqdim olunub. Könüllü xarakter daşıyan təşəbbüs ətraf mühitə təsir edən cinayətlərin qarşısının alınması və onlara qarşı mübarizənin ortaq beynəlxalq prioritet kimi təşviq edilməsini, dövlətlər, beynəlxalq və regional təşkilatlar, hüquq-mühafizə orqanları və digər tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.