2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri oldu. 44 gün davam edən döyüşlər nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə olundu.
Milli Məclisin deputatı Əli Hüseynli şanlı Vətən müharibəsini belə şərh edir:
“Ali Baş Komandan tərəfindən özünü müdafiə məqsədi ilə Azərbaycan Ordusu səfərbər oldu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşdi. Və məhz cənab Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, məhz onun çağırışı nəticəsində müəyyən bir dövrdən sonra artıq Azərbaycan uğurlu hücum əməliyyatını keçdi və çox sürətlə işğalda olan əraziləri azad etdi”.
Bu müharibə Azərbaycan Ordusunun hərbi gücünü, peşəkarlığını və döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar yalnız texniki üstünlüklərlə deyil, həm də şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığı, Vətən sevgisi və qarşıya qoyulan məqsədə inamı ilə bağlı idi. Azərbaycan həm də diplomatiya meydanında qalib gəldi. Mövzu ilə bağlı millət vəkili Azay Quliyev deyib:
“Prezidentin biz təkcə hərb meydanında apardığı savaşa şahid olmadıq, eyni zamanda diplomatiya meydanında, informasiya savaşında Azərbaycan dövləti və dövlət başçısı nə qədər böyük rəşadətlə mübarizə apardı və qalib gəldi”.
Müharibə həm də Azərbaycan cəmiyyətinin birlik və həmrəylik nümayiş etdirdiyi dövr kimi yadda qaldı. Cəbhədə əsgər və zabitlər döyüşərkən arxa cəbhədə milyonlarla insan Ordunun yanında dayandı. Şəhid ailələri, qazilər, könüllülər, həkimlər, jurnalistlər və müxtəlif peşə sahibləri öz imkanları daxilində bu ümumi mübarizənin iştirakçısına çevrildilər.
Vətən müharibəsinin nəticələri Azərbaycanın qarşısında yeni imkanlar və yeni vəzifələr də müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yollar, enerji və kommunikasiya xətləri, yaşayış məntəqələri, sosial obyektlər inşa edilir, şəhər və kəndlər yenidən qurulur.
Ən mühüm proseslərdən biri isə Böyük Qayıdışdır. Onilliklər ərzində doğma yurdlarından ayrı düşən insanların öz torpaqlarına qayıtması Vətən müharibəsinin yaratdığı yeni reallığın ən mühüm nəticələrindən biridir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlandırılması davam edir. Vaxtilə dağıntılarla yadda qalan ərazilərdə müasir yaşayış məntəqələri, yeni infrastruktur və iqtisadi imkanlar yaradılır.
Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız 44 günlük döyüş kimi qalmayıb. Bu müharibə dövlətin, ordunun və xalqın qarşıya qoyulmuş məqsəd ətrafında birləşdiyi tarixi mərhələ kimi qiymətləndirilir.
2020-ci ilin payızında əldə olunan Zəfər Azərbaycanın sonrakı inkişaf istiqamətlərinə də təsir göstərdi. Bu gün həmin Qələbənin nəticələri həm azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində, həm də regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlarda özünü göstərir.
Vətən müharibəsinin üzərindən illər keçsə də, 44 günün hər bir günü Azərbaycanın tarixində özünəməxsus iz buraxıb. Bu tarix həm şəhidlərin xatirəsi, həm qazilərin fədakarlığı, həm Azərbaycan əsgərinin qəhrəmanlığı, həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatla yaşayır.