Dünya iqtisadiyyatında yeni mərhələ başlayır. Təchizat zəncirləri dəyişir, enerji bazarları yenilənir, rəqəmsal texnologiyalar iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilir. Belə bir şəraitdə investor üçün yalnız kapital qoyuluşunun ünvanı deyil, həmin ünvanın nə qədər sabit, əlçatan və perspektivli olması da əhəmiyyət daşıyır.

 

Azərbaycan son illərdə məhz bu imkanların müzakirə olunduğu beynəlxalq platformaların keçirildiyi mühüm məkanlardan birinə çevrilib. Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan yalnız investisiya sərgisi deyil, dəyişən qlobal iqtisadi reallıqlar fonunda Azərbaycanın mövqeyinin təqdim olunduğu platformadır.

Bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, süni intellekt, sənaye, mədənçilik, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və insan kapitalı – investisiya gündəliyinin əsas istiqamətləri məhz bunlardır.

Azərbaycanın gələcək iqtisadi inkişaf modeli ilə bağlı əsas istiqamətlər Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışında da xüsusi yer alıb.

Forumda çıxış edən dövlət başçısı bildirib ki, qarşıdakı dövrdə iqtisadi artımın dayanıqlılığında neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməlidir. Bununla yanaşı, bərpaolunan enerji, logistika və nəqliyyat, süni intellekt və data mərkəzləri, mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələri perspektivli istiqamətlər kimi qeyd edib.

Xüsusilə enerji sahəsində yeni mərhələ formalaşır. Azərbaycanın hədəfi yalnız elektrik enerjisi istehsalını artırmaq deyil, bərpaolunan enerji imkanlarını ötürücü xətlər və enerji saxlama sistemləri ilə birləşdirərək daha geniş regional enerji bağlantısının iştirakçısına çevrilməkdir.

Digər istiqamət isə Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsidir.

Prezidentin sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona çatdırmaqdır.

“Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik. Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik”.

Beləliklə, dəyişən qlobal iqtisadi şərait fonunda Azərbaycan öz coğrafi mövqeyini, enerji potensialını və regional əlaqələrini yeni investisiya imkanlarına çevirməyə çalışır. Qarşıdakı mərhələdə əsas nəticəni isə bu imkanların nə dərəcədə real layihələrə, yeni istehsal və xidmət sahələrinə, eləcə də uzunmüddətli iqtisadi artıma çevrilməsi müəyyən edəcək.