İnvestisiyaların ölkə iqtisadiyyatına cəlb olunması yalnız yeni maliyyə vəsaitlərinin əldə edilməsi demək deyil. Bu proses yeni istehsal sahələrinin yaradılması, texnologiyaların ölkəyə gətirilməsi, məşğulluğun artırılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən investor üçün əlverişli mühitin formalaşdırılması maliyyə sabitliyindən tutmuş infrastruktur, enerji, nəqliyyat və rəqəmsal imkanlara qədər bir sıra amilləri özündə birləşdirir.

 

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi də ölkənin bu istiqamətdə formalaşdırdığı imkanların təqdim edilməsi baxımından mühüm platforma oldu. Forumda Prezident İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın investisiya siyasətinin prioritetlərinin diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının çıxışında ölkənin maliyyə dayanıqlılığı, enerji potensialı, infrastruktur imkanları və yeni investisiya istiqamətləri ilə bağlı mühüm məqamlar səsləndirildi.

İnvestisiya mühitində maliyyə göstəriciləri ilə yanaşı, etibarlı və uzunmüddətli tərəfdaşlıq münasibətləri də mühüm rol oynayır. Azərbaycanın enerji sektorunda uzun illər əvvəl imzalanmış müqavilələr üzrə öhdəliklərə sadiq qalması investorlar üçün proqnozlaşdırıla bilən biznes mühitinin formalaşması baxımından əhəmiyyətli amillərdən biridir.

Enerji sektoru da ölkənin investisiya gündəliyində mühüm yerini qoruyur. Neft-qaz sahəsində yeni layihələrin həyata keçirilməsi mövcud imkanların genişləndirilməsinə və enerji resurslarının iqtisadi dövriyyəyə daha səmərəli cəlb olunmasına şərait yaradır. Enerji sektorunda baş verən qlobal dəyişikliklər fonunda bərpaolunan enerji layihələri də investisiya baxımından xüsusi əhəmiyyət qazanır. Mövzu ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov deyib:

“Azərbaycana artıq indiyə kimi 350 milyard dollardan çox, hansı ki, bunun yarıdan çoxu xarici investisiyadır, cəlb olunub və bu investisiyaların idarə olunması yaxşı referanslar verir, yəni bir mənada etdiklərimiz, edəcəklərimizə referansdır deyir cənab prezident orada. İndiki mərhələdə Azərbaycan onu o mövqeyə qoyur ki, biz investisiya cəlb edən deyil, münbit qlobal investisiya mühiti formalaşdırırıq”.

İnvestor üçün məhsulun istehsalı qədər onun bazara vaxtında və səmərəli şəkildə çatdırılması da vacibdir. Bu baxımdan nəqliyyat və logistika infrastrukturu investisiya qərarlarına birbaşa təsir edən əsas amillərdən biridir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, beynəlxalq avtomobil və dəmir yolu əlaqələri, hava nəqliyyatı imkanları və liman infrastrukturu ölkənin regional nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Mövzu ilə bağlı politoloq İlyas Hüseynov bunları vurğuladı:

“Həm avtomobil, həm dəmir yolları, Bakı Beynəlxalq Dəniz Ticarəti limanının istifadəyə verilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də üç Beynəlxalq Hava limanının istifadəyə verilməsi Azərbaycanın nəqliyyat imkanlarını və bu sahədə olan potensialı bir qədər genişləndirir”.

Ümumilikdə, Azərbaycanın investisiya potensialı ayrı-ayrı sahələrin imkanlarının məcmusundan daha geniş anlayışdır. Maliyyə sabitliyi, enerji resursları, nəqliyyat və logistika imkanları, inkişaf etmiş infrastruktur, rəqəmsal texnologiyalar və bərpaolunan enerji potensialı vahid iqtisadi mühit formalaşdırır.