Qərbi azərbaycanlıların qayıdış məsələsi son illər yalnız tarixi yaddaş və siyasi gündəm çərçivəsində deyil, beynəlxalq hüquq və insan hüquqları kontekstində də təqdim olunur. Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçirilən beynəlxalq konfransın əsas diqqət mərkəzinə məhz bu məsələnin gətirilməsi də təsadüfi deyil.
Mövzunun mahiyyətində bir sual dayanır: doğma yaşayış yerlərindən məcburi şəkildə çıxarılmış insanların həmin ərazilərə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququ hansı mexanizmlərlə təmin edilə bilər?
Bu sual Qərbi azərbaycanlıların məsələsinin yalnız keçmişdə baş vermiş hadisələrin xatırlanması ilə məhdudlaşdırılmamasını tələb edir. Çünki məcburi köçkünlük təkcə yaşayış yerinin itirilməsi deyil. İnsanla onun doğulduğu məkan arasındakı tarixi, mədəni və sosial bağların qırılmasıdır.
Qərbi azərbaycanlıların İrəvan və indiki Ermənistanın müxtəlif bölgələrindəki tarixi mövcudluğu ilə bağlı irs nümunələri də bu müzakirənin mühüm hissəsidir. Məscidlər, qəbiristanlıqlar, yaşayış məntəqələri, tarixi toponimlər və digər maddi-mədəni nümunələr keçmişdə həmin ərazilərdə formalaşmış sosial və mədəni həyatın izlərini daşıyır. Buna görə qayıdış məsələsi ilə mədəni irsin qorunması məsələsi bir-birindən ayrı təsəvvür edilə bilməz.
Digər tərəfdən, qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində gündəmə gətirilməsi onun praktiki tərəflərini də önə çıxarır. Əgər söhbət real qayıdışdan gedirsə, bunun üçün yalnız siyasi iradə kifayət etmir. Təhlükəsizlik, ayrı-seçkiliyin yolverilməzliyi, yaşayış və mülkiyyət hüquqlarının tanınması, sənədləşdirmə, əmlak məsələlərinin həlli, dini və mədəni irsə çıxış kimi çoxsaylı hüquqi və institusional məsələlər həllini tapmalıdır.
Mövzu ilə bağlı Bakı Təşəbbüs Qrupunun Kommunikasiya Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev deyib:
“Bu konfrans Qərbi azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması ilə bağlı məsələnin BMT çərçivəsində müzakirə olunduğu ilk tədbirdir. Qeyd edim ki, Qərbi azərbaycanlıların öz yurd-yuvalarına, öz yerlərinə qayıtması ilə bağlı məsələ beynəlxalq təşkilatların gündəliyinə salınmalıdır. Həm dövlətlər, həm də beynəlxalq təşkilatlar təkcə bəyanatlarla kifayətlənməli deyil, eyni zamanda onlar öz fəaliyyətini həm hüquqi, həm də praktiki tədbirləri nəzərdə tutan beynəlxalq mexanizmlər işləyib hazırlamalıdırlar”.
Konfransın yekununda BMT-nin xüsusi məruzəçilərinə ünvanlanan birgə müraciətin qəbul edilməsi də bu istiqamətdə diqqətçəkən məqamdır. Sənəddə təhlükəsiz, könüllü və ləyaqətli qayıdışın təşviqi ilə yanaşı, Azərbaycanın Ermənistan ərazisindəki tarixi, dini və mədəni irsinin qorunması üçün təminatların yaradılması məsələsi də önə çəkilir.
Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq hüquq və insan hüquqları platformalarında müzakirəsi mövzunun yeni mərhələyə keçdiyini göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.