Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun geniş baxışı və strateji düşüncəsi nəticəsində biz beynəlxalq əməkdaşlığı media sahəsində dialoq müstəvisinə qaldırmışıq.

 

Bunu AQEM-in Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qarşılıqlı anlaşma və etimad olduqca vacib məsələlərdir: “Biz müntəzəm olaraq bir araya gəlirik və bu səpkidə ünsiyyət sayəsində Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük”.

Baş katib hesab edib ki, geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir forumun keçirilməsi olduqca vacibdir. Çünki bu cür tədbirlər anlaşmaya yol açan və onu təmin edən körpülər quracaq.