Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada rəsmi səfərdədir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Rusiyanın Baş prokuroru Aleksandr Qutsan ilə ikitərəfli görüş keçirilib.

Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd edib ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrimizin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşıb. Bu isə öz növbəsində hər iki dövlətin hüquq-mühafizə orqanları arasında məhsuldar işgüzar münasibətlər üçün əlverişli zəmin formalaşdırır.

İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirən Kamran Əliyev qeyd edib ki, bu əlaqələr iki istiqaməti əhatə edir. Hər iki ölkənin hüquqtətbiqetmə təcrübəsinin və qanunvericiliyinin yeni institutlarının öyrənilməsi ilə yanaşı, konkret cinayət işləri çərçivəsində hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi istiqamətində də əməkdaşlıq əlaqələrində yüksələn xətt üzrə inkişaf edir.

Öz növbəsində Rusiyanın Baş prokuroru Aleksandr Qutsan vurğulayıb ki, hər iki ölkənin prokurorluq orqanları arasında ənənəvi olaraq, yüksəksəviyyəli əməkdaşlıq əlaqələri mövcud olub. Rəsmi səfərdə iştirak dəvətini qəbul etdiyinə görə Kamran Əliyevə təşəkkürünü bildirən rusiyalı həmkarı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra konkret cinayət işləri ilə bağlı müzakirələr aparılıb.

Görüşün yekununda Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.