Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oktyabrın 3-4-də Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
Teatrdan bildirilib ki, libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli isə Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.
Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda, teatrın xor və balet truppaları da iştirak edirlər.
Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyama aiddir.