Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək Salyan rayonunda "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlər keçirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan verilən məlumata görə, tədbirlər gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edib.

“Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera” və “Sağlam həyat tərzi” mövzularında təşkil olunan təlimlərdə narkotik asılılığı problemi xüsusi diqqət mərkəzində olub. Gənclərə rəqəmsal mühitdəki narkotik riskləri, internet və sosial şəbəkələrdə gizli manipulyasiya üsulları, süni intellektin təsirləri və psixoaktiv maddələrin sağlamlığa zərərləri barədə ətraflı məlumat verilib. Həmçinin rəqəmsal savadlılıq, sahəvi normativ-hüquqi aktların tələbləri, şəxsi təhlükəsizlik, düzgün qərarvermə və narkotiklərə "yox" demək bacarıqlarının formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Sonda iştirakçılara İşçi Qrupu tərəfindən hazırlanmış yeni təbliğat materialları paylanılıb. Kitabça və broşürlər arasında “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı materiallar yer alıb.