Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan-Aİ Təmiz Enerji üzrə dəyirmi masası keçirilib.
Energetika Nazirliyinin məlumatına görə, tədbirdə Azərbaycanda bərpaolunan enerji, o cümlədən külək enerjisi, elektrik şəbəkəsi infrastrukturu və enerji səmərəliliyi sahələrində biznes imkanları təqdim edilib. Azərbaycanın təmiz enerji sektorunda Avropa özəl sektorunun iştirakının genişləndirilməsi üçün praktiki addımlar müzakirə olunub.
Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək külək və Günəş enerjisinin payını 38,7 faizə çatdırmaq planları xarici və özəl şirkətlərlə birgə həyata keçirilir. Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni enerji bağlantılarının yaradılmasının Avropa şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açdığı qeyd edilib.
Pərviz Şahbazov bildirib ki, yaşıl enerji dəhlizləri təşəbbüsləri tərəfdaşlığın Azərbaycan və Xəzər hövzəsi ilə yanaşı, Mərkəzi Asiyada da genişləndirilməsinə imkan yaradır. Nazir bu layihələrin enerji təhlükəsizliyinə töhfə verdiyini və iqtisadi baxımdan səmərəli olduğunu vurğulayıb.
Dan Yorgensen Azərbaycanın bərpaolunan enerji və regional bağlantıların inkişafı sahəsində əhəmiyyətli imkanlar təklif etdiyini bildirib. O, Avropanın elektrik şəbəkələri üzrə texnologiya, avadanlıq və mühəndislik təcrübəsinin bu planların həyata keçirilməsinə töhfə verə biləcəyini qeyd edib.
Müzakirələr zamanı “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinin növbəti inkişaf mərhələsi, potensial investorların və strateji tərəfdaşların cəlb edilməsi məsələləri də nəzərdən keçirilib. Avropa şirkətləri yaşıl enerji dəhlizlərində, bərpaolunan enerjinin növbəti inkişaf mərhələsində və enerji səmərəliliyi sahəsində fəal iştiraka dəvət olunublar.
Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumları, “SOCAR Green”, Avropa Komissiyası, həmçinin “WindEurope”, “Siemens Energy” və “Vestas” kimi Avropa sənaye assosiasiyaları və şirkətləri təmsil olunub.