İqtisadiyyat Nazirliyində Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin məlumatına görə, görüşdə Aİ-yə üzv ölkələri və Aİ qurumlarını təmsil edən nümayəndələr iştirak ediblər.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycan-Aİ iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.
Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər müzakirə olunub.
Tərəflər, həmçinin nəqliyyat-logistika bağlantılarının təkmilləşdirilməsi, Azərbaycanın regional bağlantılardakı rolu və Orta Dəhlizin imkanları barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın yaşıl enerji potensialı, bu sahədə tərəfdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələr də diqqət mərkəzində olub.