Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, artıq bu forum təhsil sahəsində açıq və işgüzar müzakirələr üçün mühüm platformaya çevrilib. O, forumun təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi, fikir və təkliflərin səsləndirilməsi baxımından əhəmiyyətli imkan yaratdığını qeyd edib.
“Elm və Təhsil Nazirliyi olaraq çalışırıq ki, təhsilin əlçatan olması, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanların yaradılması təmin edilsin. Təhsil haqqında danışarkən ilk növbədə onun əlçatanlığı nəzərə alınmalıdır. İnsanların təhsil almaq üçün imkanlarının olması əsas məsələlərdən biridir. Bununla yanaşı, təhsilin keyfiyyəti və hər bir vətəndaş üçün bərabər imkanların yaradılması diqqətdə saxlanılmalıdır. Biz bütün bölgələrdən, müxtəlif təbəqələrdən, fərqli sosial gəlirlərə malik və müxtəlif qrupları təmsil edən vətəndaşlar üçün eyni imkanların yaradılmasına çalışırıq”, – deyə Emin Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, bu imkanların həm bölgələrdə, həm paytaxtda, müxtəlif səviyyə və səriştəyə malik, müxtəlif qrupları təmsil edən vətəndaşlar üçün bərabər şəkildə yaradılmasına çalışılır.