Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə bağlı iclas keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edərək, Dövlət Proqramının əsas məqsəd və prioritetləri barədə məlumat verib.
Bildirilib ki, Dövlət Proqramı ölkənin mineral-xammal bazasının genişləndirilməsi, mövcud faydalı qazıntı yataqlarının potensialının yenidən qiymətləndirilməsi, yeni perspektivli sahələrin müəyyənləşdirilməsi, mineral xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, eləcə də hasilatdan emala qədər yüksək əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə Dövlət Proqramının icrası ölkəmizin iqtisadi inkişafına, ixrac potensialının gücləndirilməsinə, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası da zəngin və müxtəlif mineral-xammal potensialına malikdir. Muxtar respublikanın mürəkkəb geoloji quruluşu və müxtəlif yaşlı süxurların geniş yayılması qara, əlvan və nəcib metallar, qeyri-filiz faydalı qazıntılar və tikinti materialları üzrə geoloji tədqiqatların aparılması üçün geniş imkanlar yaradır. Muxtar respublikanın ərazisində qızıl, gümüş, mis, molibden, kobalt, volfram, manqan, qurğuşun, sink və digər metal faydalı qazıntılarla yanaşı, daşduz, dolomit, gips, travertin, tuf və digər qeyri-filiz faydalı qazıntı və tikinti materialları ilə bağlı yataq və təzahürlər mövcuddur.
Vurğulanıb ki, son dövrlərdə yerin təkinin öyrənilməsi və mineral-xammal ehtiyatlarının qiymətləndirilməsi istiqamətində məqsədyönlü və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə mövcud geoloji məlumatların yenilənməsi, əvvəlki tədqiqatların müasir metod və texnologiyalar əsasında yenidən qiymətləndirilməsi, perspektivli sahələrin müəyyənləşdirilməsi və onların resurs potensialının dəqiqləşdirilməsi əsas istiqamətlərdəndir. Bu məqsədlə müasir geoloji, geokimyəvi və geofiziki tədqiqat metodlarının, rəqəmsal xəritələşdirmə və məsafədən zondlama texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin yerin təkinə dair məlumatların sistemləşdirilməsi və vahid məlumat bazasının formalaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır.
Tədbirdə beynəlxalq təcrübənin tətbiqinin və bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.
Bildirilib ki, layihə çərçivəsində Mədən Tədqiqat və Axtarış Baş İdarəsi tərəfindən “Parağaçay” və “Qapıcıq” molibden, “Gümüşlü” polimetal yataqlarında mövcud məlumatların dəqiqləşdirilməsi, yataqların potensialının daha obyektiv qiymətləndirilməsi və gələcək istifadə imkanlarının müəyyən edilməsi məqsədilə geoloji-qiymətləndirmə işləri aparılıb. Bu işlərə beynəlxalq təcrübəyə malik, sahə üzrə ixtisaslaşmış ekspertlər cəlb olunublar. Ekspertlərin iştirakı ilə yataqlar üzrə mövcud geoloji məlumatlar, əvvəlki tədqiqatların nəticələri, laborator göstəricilər və digər texniki materiallar kompleks şəkildə təhlil edilib. Qiymətləndirmə zamanı əsas məqsəd yataqların faktiki vəziyyətinin, xammal potensialının və gələcəkdə istifadəyə yararlılıq imkanlarının, perspektivinin daha etibarlı şəkildə müəyyənləşdirilməsi və investisiya cəlb edilməsi olub.
İşlərin icrası zamanı yataq sahələrinin ümumi vəziyyəti yerində araşdırılıb, mövcud sənədlər və əvvəlki tədqiqat materialları müqayisəli şəkildə təhlil edilib. Eyni zamanda, faydalı qazıntıların keyfiyyət göstəriciləri, ehtimal olunan yayılma sahələri, mövcud məlumatların etibarlılıq dərəcəsi və yataqların iqtisadi baxımdan perspektivliyi qiymətləndirilib. Sözügedən yataqlar üzrə hesabatlar hazırlanıb.
Yataq sahələrində filizləşmənin dərinlikdə 300–500 metrədək yayılma potensialının müəyyənləşdirilməsi məqsədilə “Parağaçay” molibden yatağı sahəsində 4 ədəd şaquli, “Qapıcıq” molibden yatağı sahəsində 2 ədəd 75 dərəcə meyilli, “Gümüşlü” polimetal yatağı sahəsində isə 3 ədəd şaquli geoloji-kəşfiyyat quyusu qazılıb. Ümumilikdə quyular üzrə 3800 paqometr qazma işləri həyata keçirilib. Eyni zamanda, qara, əlvan və nəcib metalların axtarış və qiymətləndirilməsi layihəsi çərçivəsində Ordubad rayonunun Ağdərə–Nəsirvaz sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işləri aparılıb. Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə uyğun olaraq Ağdərə–Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulan buruq qazma işləri tam həcmdə həyata keçirilib.
Ümumi dərinliyi 900 paqometr olan 4 quyu qazılıb, laborator tədqiqatlar üçün 194 ədəd kern nümunəsi götürülüb, 2000 kubmetr həcmində 24 ədəd xəndək və 150 paqometr həcmində 38 ədəd şurf qazılıb. Layihə üzrə çöl-geoloji kəşfiyyat işləri tam yekunlaşdırılıb və ərazinin perspektivli olduğu müəyyənləşdirilib.
“Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin 2025-ci il “Obyektlər Planı”na uyğun olaraq 2025–2028-ci illərdə muxtar respublikanın Babək rayonu ərazisində yerləşən Xal-Xal təzahüründə də geoloji tədqiqat işlərinin aparılması planlaşdırılır.
Layihəyə əsasən ümumi həcmi 1500 paqometr olan 5 ədəd quyu, 2500 kubmetr həcmində xəndək və 220 paqometr şurf qazılması nəzərdə tutulub. Layihə üzrə nəzərdə tutulan yerüstü dağ-qazma işləri tam həcmdə icra edilib, buruq quyularının qazılması və kompleks sınaqlaşdırma işlərini əhatə edən geoloji tədqiqatlar isə hazırda davam etdirilir.
Qeyd edilib ki, aparılan tədqiqatların əsas məqsədi faydalı qazıntı yataqlarının yalnız mövcudluğunun müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Əsas hədəflər sırasında yataqların resurs potensialının, filizləşmənin məkan və dərinlik üzrə yayılmasının, keyfiyyət göstəricilərinin, ehtiyatların perspektivliyinin və gələcək iqtisadi əhəmiyyətinin kompleks şəkildə qiymətləndirilməsi dayanır. Bundan başqa, “AzerGold” QSC tərəfindən Ortakənd sahəsində geoloji kəşfiyyat işləri aparılmışdır. 199 kəşfiyyat quyusu vasitəsilə 35542,87 paqometr həcmində qazma həyata keçirilib. “Ortakənd” yatağında qızılın resursu 246 min unsiya hesablanıb. “AzerGold” QSC tərəfindən həmin yataq üzrə ilk istehsalın 2029-cu ildə başlanacağı planlaşdırılır.
İlkin mərhələdə əsaslı kapital qoyuluşu və əməliyyat xərcləri böyük xərc tələb etsə də, yatağın istismarı iqtisadi baxımdan səmərəlidir. Ehtiyatları müəyyən olunduğu və müvafiq qaydada təsdiq edildiyi üçün “Ortakənd” qızıl yatağının istismara cəlb olunması istiqamətində iş aparılır.
Tədbirdə muxtar respublikada qeyri-filiz faydalı qazıntıların öyrənilməsi istiqamətində görülmüş işlər və əldə olunan nəticələr barədə də məlumat verilib. Bildirilib ki, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası ərazisində 55 qeyri-filiz yatağı üzrə təftiş-qiymətləndirmə işləri aparılıb, qeyri-filiz yataqlarının CİS bazasında rəqəmsal xəritəsi hazırlanıb. Bundan əlavə 6 qeyri-filiz sahəsində tədqiqatlar aparılıb və yataqlaşdırılaraq dövlət balansına alınıb.
Mineral xammal ehtiyatlarının səmərəli və məqsədyönlü şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Mövcud mineral-xammal bazasının öyrənilməsi ilə yanaşı, perspektivli sahələrin sahibkarlıq subyektlərinin istifadəsinə verilməsi, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə istismara cəlb edilməsi və bu sahədə şəffaflığın təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu çərçivədə 2023–2026-cı illər ərzində qeyri-filiz faydalı qazıntı yataqlarının istismara verilməsi məqsədilə ümumilikdə 17 auksion keçirilib. Auksionlar nəticəsində müvafiq dövlət fonduna 1,1 milyon manatdan çox vəsait daxil olub. Keçirilmiş auksionlar mineral xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, yerli tikinti və sənaye sahələrinin xammala olan tələbatının ödənilməsinə, yeni sahibkarlıq imkanlarının formalaşdırılmasına və regionun iqtisadi potensialından daha səmərəli istifadəyə şərait yaradıb. Hazırda bir neçə qeyri-filiz sahələrinin yataqlaşdırılması və hərraca çıxarılması istiqamətində iş aparılır.
Görülmüş işlər nəticəsində mövcud mineral ehtiyatların mərhələli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi, yerli xammal bazasının genişləndirilməsi, faydalı qazıntı ehtiyatlarından səmərəli istifadənin təmin olunması və dağ-mədən sektorunda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün mühüm imkanlar formalaşdırılıb.
Sonra Dövlət Proqramından irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrası, geoloji tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, mineral-xammal potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsi və bu ehtiyatlardan səmərəli istifadə imkanlarının araşdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.