Azərbaycanın son illərdə keçdiyi yol təkcə siyasi və iqtisadi göstəricilərlə ölçülmür. Bu yol həm də ölkənin öz qərarlarını özü verən, milli maraqlarını müstəqil şəkildə qoruyan və beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən dövlətə çevrilməsi ilə xarakterizə olunur.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın dövlət siyasətinin əsas xəttini bir daha ortaya qoydu: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə. Dövlət başçısının sözlərinə görə, bu xətt 2003-cü ildən etibarən davam etdirilir və bundan sonra da davam etdiriləcək.
Bu siyasətin nəticələri isə Azərbaycanın regional və beynəlxalq mövqeyində özünü göstərir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ölkənin geosiyasi reallıqlarını dəyişməklə yanaşı, Azərbaycanın öz iradəsini ortaya qoymaq imkanlarını da nümayiş etdirdi. Prezidentin qurultaydakı çıxışında vurğuladığı kimi, Azərbaycan həm işğala son qoydu, həm də bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi isə ölkənin siyasi çəkisinin artmasının mühüm göstəricilərindən biri kimi təqdim olunur.
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”.
Bu gün Azərbaycan regional proseslərin yalnız iştirakçısı deyil, həm də həmin proseslərin formalaşmasına təsir edən dövlətlərdən biri kimi çıxış edir. Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı isə bu siyasətin əsas fəlsəfəsini bir daha ifadə edir: öz taleyini özü müəyyən edən, milli maraqlarını əsas götürən və dəyişən dünya nizamında müstəqil mövqeyini qoruyan Azərbaycan. Mövzu ilə bağlı millət vəkili Tural Gəncəliyev deyib:
“Azərbaycan istər regional, istərsə də qlobal gündəmin formalaşmasında bu gün çox önəmli rol oynayır. Cənab Prezidentin vurğuladığı bir daha öz təsdiqini tapmış olur ki, Azərbaycan bu gün bir orta güc dövlətinə çevrilmişdir, bundan ötrü, təbii ki, müstəqil xarici siyasət, müstəqil qərar vermə mexanizmi olmalıdır. Yəni bizim partnyorlarımız, əməkdaşlarımız da anlayırlar ki, Azərbaycan heç kimin sözü ilə oturub-duran ölkə deyildir”.
Azərbaycanın siyasi çəkisinin artmasında iqtisadi müstəqillik də xüsusi yer tutur. İqtisadi imkanların genişlənməsi dövlətin xarici təsirlər qarşısında manevr imkanlarını artırır, milli prioritetlərin həyata keçirilməsi üçün daha geniş resurs bazası yaradır. Prezident İlham Əliyev də qurultaydakı çıxışında Azərbaycanın iqtisadi müstəqilliyini tam təmin etdiyini və beynəlxalq aləmin dəyərli üzvünə çevrildiyini bildirib.
Güclü dövlət anlayışı isə yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Azərbaycanın hərbi potensialının formalaşdırılması da dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edilir.
Beləliklə, Azərbaycanın güc mərkəzinə çevrilməsi yalnız coğrafi mövqenin üstünlükləri ilə izah olunmur. Burada siyasi iradə, iqtisadi müstəqillik, hərbi imkanlar, enerji və nəqliyyat potensialı, eləcə də müxtəlif tərəfdaşlarla qurulan çoxşaxəli münasibətlər bir-birini tamamlayır.