Dünyanın nəqliyyat xəritəsi dəyişir. Geosiyasi qarşıdurmalar, yeni iqtisadi reallıqlar və ənənəvi marşrutlarda yaranan risklər yükdaşımaların istiqamətlərinə də təsir edir. Belə bir şəraitdə coğrafi mövqeyini strateji üstünlüyə çevirən ölkələrdən biri Azərbaycandır.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı görülən işlərə diqqət çəkərək, ölkə ərazisindən keçən Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin artıq çox cəlbedici marşrutlara çevrildiyini bildirib.
“Ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq”.
Bəli, bu gün Azərbaycan həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba uzanan əsas nəqliyyat xətlərinin kəsişdiyi məkanlardan biridir. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Avropaya çıxış üçün alternativ marşrut kimi əhəmiyyət qazanır. Şimal-Cənub Dəhlizi isə Şimali Avropa ilə Hindistan və Cənubi Asiya arasında yükdaşımaların sürətləndirilməsi baxımından yeni imkanlar yaradır.
Bu mənzərədə Azərbaycanın nəqliyyat siyasəti daha geniş iqtisadi strategiyanın bir hissəsinə çevrilir. Çünki müasir dünyada nəqliyyat dəhlizinə sahib olmaq yalnız yük daşınması demək deyil. Dəhlizlər yeni investisiyalar, logistika infrastrukturu, istehsal, xidmət və ticarət imkanları yaradır.
Bu gün qlobal ticarət yollarının yenidən formalaşdığı bir vaxtda əsas məsələ yalnız xəritədə əlverişli mövqeyə sahib olmaq deyil. Həmin mövqeni infrastruktur, siyasi sabitlik və etibarlı tərəfdaşlıq imkanları ilə tamamlayaraq real iqtisadi üstünlüyə çevirməkdir.
Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub istiqamətində həyata keçirdiyi siyasət də məhz bu məqsədə xidmət edir: ölkəni sadəcə tranzit məkanı deyil, regional və qlobal nəqliyyat-logistika sisteminin mühüm qovşaqlarından birinə çevirmək.