Oktyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşü keçirilib.

 

Görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. İkitərəfli münasibətlərin inkişafı və praktiki əməkdaşlığın genişləndirilməsi baxımından yüksək səviyyəli müntəzəm təmasların əhəmiyyəti qeyd edilib.

Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə yüksək səviyyədə əldə edilmiş razılaşmaların, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu il aprelin 16-da Zəngilanda keçirilmiş 24-cü iclasında qəbul olunmuş qərarların icra vəziyyəti nəzərdən keçirilib.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Hər iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Nəqliyyat əlaqələrinin inkişafı və iki ölkə arasında yükdaşımaların səmərəliliyinin artırılması məsələləri də müzakirə olunub. “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından daha geniş istifadə imkanları nəzərdən keçirilib.

Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti, yük və nəqliyyat vasitələrinin həmin məntəqələrdən keçid prosedurlarının təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib.

Tərəflər Azərbaycan və Rusiya üçün praktiki maraq kəsb edən qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli əməkdaşlığın bütün sahələrində praktiki məsələlərin vaxtında nəzərdən keçirilməsi və həlli üçün iki ölkənin aidiyyəti dövlət qurumları arasında müntəzəm təmasların əhəmiyyəti qeyd olunub.

Görüşün yekununda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə işin davam etdirilməsinə hazır olduqları bildirilib. Görüş konstruktiv və işgüzar şəraitdə keçib.

Səfər zamanı, həmçinin Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb. Görüş əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, Şahin Mustafayevin Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik ilə görüşü də baş tutub. Görüşdə Azərbaycan-Rusiya iqtisadi və ticari, eləcə də investisiya əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.