Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb.
Bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir.
Onun sözlərinə görə, Böyük Britaniya 30 ildən artıqdır ki, investisiyaları və enerji sektorunda strateji əməkdaşlığı ilə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötüb və bu ölkə Azərbaycanın ən böyük xarici investorudur.
Pərviz Şahbazov qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə göstərici təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb.