İşğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycanın qarşısında duran ən böyük strateji vəzifələrdən biridir. Bu proses yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların və kommunikasiyaların bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın qurulması, insanların öz doğma yurdlarına qayıdışı və həmin ərazilərin ölkənin iqtisadi sisteminə tam reinteqrasiyası vahid və uzunmüddətli strategiyanın tərkib hissəsidir.
Bu strategiyanın əsas istiqamətlərindən biri Böyük Qayıdışdır. Məqsəd onilliklər ərzində doğma torpaqlarından ayrı düşmüş insanların təhlükəsiz və layiqli həyat şəraiti ilə öz yurdlarına qayıtmasını təmin etmək, eyni zamanda azad edilmiş əraziləri müasir və dayanıqlı inkişaf məkanına çevirməkdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesi davam edir. Yeni yaşayış məntəqələri salınır, şəhərlər yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir, enerji, su, rabitə və digər infrastruktur formalaşdırılır. Məktəblər, xəstəxanalar, sosial və ictimai obyektlər istifadəyə verilir. Paralel olaraq regionun iqtisadi potensialının üzə çıxarılması üçün sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə yeni imkanlar yaradılır.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Qarabağ və Şərqi Zəngəzurun bərpasını ölkə qarşısında duran əsas strateji vəzifələrdən biri kimi xüsusi vurğulayıb. Dövlət başçısının sözlərinə görə, artıq bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu günədək Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Prezident qeyd edib ki, bundan sonrakı illərdə Böyük Qayıdış prosesi daha da sürətləndiriləcək.
Beləliklə, Böyük Qayıdış artıq ayrı-ayrı yaşayış məntəqələrinə qayıdış prosesi olmaqdan çıxaraq, bütöv bir regionun yenidən formalaşdırılması layihəsinə çevrilir.
Burada əsas hədəf yalnız insanların evlərinə qayıtması deyil. Qayıdan insan üçün həmin ərazidə yaşamaq, işləmək, təhsil almaq və biznes qurmaq imkanları da yaradılmalıdır. Məhz buna görə bərpa prosesinin növbəti mərhələsində məşğulluğun artırılması, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı bu baxımdan genişdir. Faydalı qazıntı yataqları, kənd təsərrüfatı imkanları, turizm potensialı, enerji resursları və əlverişli coğrafi mövqe regionun gələcək iqtisadi inkişafının əsas dayaqlarından ola bilər. Burada yaradılan sənaye və istehsal müəssisələri isə yalnız yerli iqtisadi fəallığı artırmır, həm də yeni iş yerlərinin yaranmasına və əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışından da göründüyü kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycanın yalnız sosial siyasətinin deyil, ümumi inkişaf strategiyasının mühüm istiqamətidir.
Bu mənada Böyük Qayıdışın mahiyyəti yalnız keçmişi bərpa etmək deyil. Qarabağ və Şərqi Zəngəzurda gələcəyin qurulmasıdır.