2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və milli həmrəyliyinin tarixi sınağı oldu. Altı il əvvəl Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqların azad edilməsi ilə nəticələnən böyük Zəfərə imza atdı. Bu Zəfər yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Arxasında illərlə aparılan ordu quruculuğu, müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir silah və texnologiyaların əldə edilməsi və ən əsası, gücün siyasi iradə ilə tamamlanması dayanırdı.
Bu gün isə həmin müharibədən altı il sonra Azərbaycanın qarşısında fərqli geosiyasi reallıq var. Ərazi bütövlüyü və suverenlik tam bərpa edilib, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq aparılır, Ermənistanla sülh gündəliyi formalaşıb. Ancaq dəyişən siyasi reallıq təhlükəsizlik məsələsinin əhəmiyyətini azaltmır. Əksinə, dünyada davam edən müharibələr və artan geosiyasi qarşıdurmalar hər bir dövlət üçün müdafiə imkanlarının daim gücləndirilməsini zərurətə çevirir.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndirdiyi mesaj diqqət çəkir. Dövlət başçısı qarşıdakı dövr üçün əsas vəzifələrdən birinin hərbi gücün artırılması olduğunu bildirib.
“İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib”.
Tarix göstərir ki, təhlükəsizlik yalnız siyasi bəyanatlarla təmin olunmur. Azərbaycanın 30 illik işğal təcrübəsi də bunu təsdiqləyir. 2020-ci ildə isə hərbi gücün siyasi iradə ilə birləşməsi nəticəsində Azərbaycanın qarşısında duran əsas tarixi vəzifə – ərazi bütövlüyünün bərpası həyata keçirildi.
Prezidentin çıxışında vurğuladığı mühüm məqamlardan biri də budur ki, bu gün Azərbaycanla Ermənistan arasında müharibə yoxdur, sülh müqaviləsi paraflanıb və münasibətlərdə yeni mərhələ başlayıb. Lakin bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin zəifləməsi anlamına gəlmir. Əksinə, dövlət başçısının yanaşmasına görə, sülh şəraitində də ölkənin hərbi üstünlüyü qorunmalıdır.
Zəfərdən altı il sonra Azərbaycanın qarşısında duran vəzifə əldə olunmuş nəticələri qorumaq, dövlətin müdafiə imkanlarını daha da gücləndirmək və yeni təhlükəsizlik reallıqlarına hazır olmaqdır.