Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin, o cümlədən din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. İnsan qardaşlığı mühitinin inkişafı, nifrət çağırışlarının qarşısının alınması yönündə fəallığımızı artırmalıyıq. Dünyanın müxtəlif nöqtələrində günahsız insanlara qarşı zorakılıq hallarına son qoyulması üçün beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik. BMT-nin 81-ci sessiyasında məhz etimadın bərpası devizinin əsas götürülməsi məhz bu qurumun effektivliyinin artırılması ehtiyacını ehtiva edir.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.
O bildirib ki, COP29 Bakı İqlim Sammiti çərçivəsində keçirdiyimiz Dini liderlərin zirvə görüşünün qəbul etdiyi Yekun sənəddə - Bakı Bəyannaməsində biz bu mühüm məsələyə dair mövqeyimizi ifadə etmişik.
“Rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı bildirməliyik ki, bu yeniliklərin həyatın bütün sahələrinə sərhədsiz sirayət etməsi, heç şübhəsiz ki, yeni imkanlarla yanaşı yeni problemlər yaradır”, - deyə şeyxülislam vurğulayıb.