Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət ölkənin regional aktordan beynəlxalq miqyasda hesablaşılmalı tərəfdaşa çevrilməsi prosesini sürətləndirib. Bunun ən mühüm göstəricilərindən biri Azərbaycanın dünyanın iki aparıcı gücü – Amerika Birləşmiş Ştatları və Çin ilə strateji tərəfdaşlıq münasibətlərini yeni mərhələyə yüksəltməsidir.

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək Azərbaycanın həm Çin, həm də ABŞ ilə strateji tərəfdaşlıq formatına keçdiyini vurğulayıb.

“Son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır”.

Azərbaycanın ABŞ və Çinlə eyni vaxtda strateji tərəfdaşlıq münasibətləri qurması qlobal geosiyasi rəqabətin artdığı bir dövrdə xüsusilə diqqət çəkir. Vaşinqton və Pekin arasında iqtisadi, texnoloji və geosiyasi rəqabətin mövcud olduğu şəraitdə Azərbaycanın hər iki tərəflə əməkdaşlıq edə bilməsi onun xarici siyasətinin çoxvektorlu xarakterini göstərir. Mövzu ilə bağlı millət vəkili Bəhruz Məhərrəmov deyib:

“Bilirsiz ki, Çin də, Amerika Birləşmiş Ştatları da dünyanın ayrı-ayrı qütbləridir. O cümlədən digər dövlətlərin adını çəkə bilərik. Lakin Azərbaycan prezidentinin yürütdüyü uğurlu xarici siyasət kursu, o cümlədən daxildə iqtisadi, siyasi sabitliyin tam şəkildə təmin edilməsi bizim müstəqil davranmağımıza imkan verir. Və nəticə etibarı ilə Azərbaycan liderinin eyni zamanda sözünün həm də imzası qədər dəyərli olması bizə münasibətdə tamamilə fərqli bir münasibət ortaya gətirib çıxarır. Bu gün Azərbaycan artıq qlobal miqyasda hesablaşılan gücə çevrilib”.

Bəli, Azərbaycanın dünyanın müxtəlif regionlarını təmsil edən dövlətlərlə qurduğu uğurlu və qarşılıqlı maraqlara əsaslanan diplomatik münasibətlər onun artan siyasi nüfuzunun mühüm göstəricilərindəndir. Bakı həm Avropa ölkələri, həm Mərkəzi Asiya və Türk dövlətləri, həm Yaxın Şərq, həm də Asiya və digər regionların aparıcı dövlətləri ilə siyasi dialoqu ardıcıl şəkildə inkişaf etdirir.

Bu münasibətlər enerji, nəqliyyat, iqtisadiyyat, təhlükəsizlik, müdafiə, investisiya və humanitar əməkdaşlıq kimi geniş sahələri əhatə edir. Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı etimad və hörmətə əsaslanan əlaqələr qurması ölkənin beynəlxalq platformalarda mövqelərini gücləndirməklə yanaşı, Bakının regional və qlobal məsələlər üzrə söz sahibi olan diplomatik mərkəzlərdən birinə çevrilməsini şərtləndirir.