44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qəhrəmanlıq, milli birlik və böyük Zəfər salnaməsi kimi daxil olub. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən müharibə zamanı Azərbaycan Ordusu bir-birinin ardınca mühüm yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib. Bu qələbələr arasında 2020-ci il oktyabrın 9-da Hadrut qəsəbəsinin azad olunması xüsusi əhəmiyyət daşıyır. Çünki Hadrutun nəzarətə götürülməsi sonrakı hərbi əməliyyatlar, xüsusilə Şuşanın azad edilməsi üçün mühüm imkanlar yaratdı.
Xocavənd rayonunda yerləşən Hadrut mürəkkəb dağlıq relyefi, sıldırım qayalıqları və strateji mövqeyi ilə seçilirdi. Qəsəbə uğrunda döyüşlər oktyabrın 7-də başlayıb. Gərgin hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu oktyabrın 9-da Hadrutu və ətrafdakı mühüm mövqeləri nəzarətə götürüb. Həmin gün Xocavəndin Sor, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək və Gorazıllı, Cəbrayılın isə Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri də işğaldan azad edilib.
Hadrutun azad olunması cəbhədə qüvvələr nisbətinə ciddi təsir göstərərək Azərbaycan Ordusunun irəliləyişini sürətləndirdi. Qəsəbənin strateji mövqeyi Şuşa istiqamətində əməliyyatların aparılması üçün əlverişli şərait yaratdı. Bu baxımdan, Hadrut döyüşləri Şuşaya aparan zəfər yolunun mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.
Hadrutun azad edilməsi xəbərini Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çatdırıb. Zəfərdən sonra qəsəbənin tarixi və strateji əhəmiyyəti dövlət səviyyəsində də xüsusi vurğulanıb. Prezident İlham Əliyev 2021-ci il martın 16-da Hadruta səfər edərək burada Azərbaycan Bayrağını ucaldıb. Həmin ilin iyun ayında isə qəsəbədə birliyin və gücün rəmzi olan “Dəmir yumruq” abidə kompleksi ucaldılıb.
Bu gün Hadrut həm hərbi Zəfərin rəmzi, həm də azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının nümunəsidir. Qəsəbənin azadlığı uğrunda göstərilən qəhrəmanlıq, burada aparılan bərpa işləri və sakinlərin doğma yurdlarına qayıdışı Azərbaycanın qələbədən quruculuğa uzanan yolunu əks etdirir. Hadrut döyüşləri Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsi kimi tarixdə qalır, qəsəbənin dirçəlişi isə Böyük Qayıdışın davamlılığını nümayiş etdirir.