Şəki – qədim şəhər... Hər küçəsində, hər döngəsində əsrlərin izi var. Daş döşənmiş küçələr, qədim tikililər, ikimərtəbəli taxta eyvanlı evlər, çay daşları ilə hörülü hasarlar – hər biri özündə bir tarix yaşadır. Şəkinin ən maraqlı xüsusiyyəti onun memarlığı ilə yanaşı, burada insanların həyat tərzini formalaşdıran ənənələrin qorunub saxlanılmasıdır. Bu yaddaş qədim məhəllələrdə daha fərqli yaşadılır. Şəkidə qədim məhəllələrin hər biri öz hekayəsi ilə fərqlənir.

 

Əgər Şəkiyə qonaq gəlsəniz, axtardığınız küçəni asanlıqla tapmaq istəyirsinizsə, mütləq həmin məhəllənin adını da bilməlisiniz. Çünki yerli sakinlər bəzi ünvanları rəsmi küçə adlarından daha çox məhəllə adları ilə tanıyırlar. Şəkinin məhəllələri, dolanbac yolları elə qurulub ki, şəhərə ilk dəfə gələn adam burada yolu tapmaqda çətinlik çəkir. Bunun sirri müdafiədir. Qədimdə şəhəri basqınlardan məhz bu cür qoruyardılar.

Şəkidə 100-dən artıq qədim məhəllə adı var: “Yuxarı Baş”, “Dodu”, “Otaq eşiyi”, “Gəncəli”, “Duluslar”, “Qunbaralar”, “Şarbaflar”, “Dulusçular”, “Dəmirçilər”. Bunlar Şəkidə el dilində yaradılan məhəllələrin bir qismidir. Bu məhəllələrin hər birinin yaranma səbəbi və tarixi var. Əl əməyi, göz nuru ilə yaranan bənzərsiz sənət nümunələri məhz bu qədim məhəllələrdə atadan-oğula, ustadan şagirdə keçərək bu günümüzə qədər gəlib çatıb. Burada hər məhəllə həm də müəyyən bir sənət ocağının beşiyidir. “Şarbaflar” məhəlləsi zərif ipəkli, buta naxışlı kəlağayıları ilə dillər əzbəridir. Əsrlərlə əldən-ələ gəzən bu ipək naxışlar dünyanın müxtəlif muzeylərinin, beynəlxalq sərgilərin bəzəyi olub.

“Dəmirçilər” məhəlləsində bu gün də çəkiclərin səsi kəsilməyib. Atalar oğullarına dəmiri necə ram etməyin sirrini hələ kiçik yaşlarından öyrədiblər. Şəkidə vaxtilə geniş yayılan sənət növlərindən biri də dulusçuluqdur. Hazırda dulusçuluq sənətini yaşadan sənətkarlardan söz düşəndə ilk növbədə məşhur dulusçu “Söyüb Məmmədov”un oğlanları – usta Hümmət və Əhədin adları çəkilir. Onlar Şəkidə “Söyüb oğulları” kimi tanınırlar. Qardaşlar Şəki şəhərinin dağlıq hissəsində yerləşən “Duluslar” məhəlləsində atalarının yolunu, sənətini davam etdirirlər. Onların dadlı-duzlu pitisi “Dodu” məhəlləsini dillər əzbərinə çevirib. Şəki süfrəsinin bəzəyi olan pitini, necə deyərlər, məhəllə-məhəllə gəzirlər. Həm də keçmişdə piti bişirmək üçün istifadə olunan xüsusi saxsı qablar, dopular məhz bu məhəllədə dulusçu ustalar tərəfindən hazırlanıb.

Piti Azərbaycanın bir çox bölgələrində bişirilir. Şəki pitisinin dadı-tamı fərqlidir. Şəkiyə gələn mütləq bu ləziz xörəyi dadmalıdır. Əsl pitinin hazırlanma qaydasını yalnız şəkili ustalar bilir. Bəs Şəki pitisini fərqləndirən səbəb nədir? Bunun əsas sirri qədim məhəllələrdə dulusçuların hazırladıqları saxsı qablarda zəif odun üstündə saatlarla bişirilməsindədir. Əsl pitinin dadına baxmaq istəyirsinizsə, yolunuzu Şəkiyə salın. Şəkiyə gəlib, Dodu məhəlləsini tapıb, piti sifariş etmək hələ işin hamısı deyil. Əsas məsələ Şəki pitisinin Şəkiyə məxsus yemək olmasıdır. Bu qaydalara əməl etməmək şəkililərin xətrinə dəymək deməkdir.