Hekayələrin dili ilə qədim İpək Yolunun üzərində yerləşən şəhərlərdən birinə – Şəkiyə yol alırıq. Əvvəlcə bu yolun izini tutub sizlərə “Şəkini Şəki edən on sirri” açmaq istəyirik. İnanın ki, eşitdikləriniz sizə inanılmaz anlar bəxş edəcək. Buranın hər küçəsində tarixin izi var. Sirlə dolu bu şəhərin hər addımı möcüzədir. Və nəhayət, Şəkinin “on sirri” məsələsinə gəlincə, atalarımız gözəl deyib: “Yüz eşitməkdənsə bir görmək yaxşıdır”.

 

Əzəmətli Xan sarayının, Kiş Alban məbədinin, dünyaca məşhur olan ipəyinin, zərif naxışlı kəlağayısının və dillər əzbəri olan halvasının sirlərindən agah olmaq istəyirsinizsə, mütləq Şəkiyə gəlin.

Gəlin sizə “On sirrindən” birincisini açaq: Şəhərin ən məşhur ünvanı Xan sarayıdır. Saray XVIII əsrdə Məhəmmədhüseyn xanın dövründə tikilib. Qonaqlar ilk olaraq bu sarayı ziyarət edirlər. Görkəmli türk şairi Nazim Hikmət Şəki Xan Sarayının gözəlliyindən bəhs edərək yazırdı: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi.”

Bura yolu düşən hər kəsi ilk növbədə heyrətə gətirən binanın fasadını bəzəyən şəbəkəli pəncərə və qapılardır. Bu şəbəkələr minlərlə rəngli guşələri və taxta parçalarının bir-birinə keçirilməsi ilə yığılıb. Ən maraqlısı isə odur ki, nə şəbəkələrin hazırlanmasında, nə də sarayın tikintisində bir dənə də olsun mismardan və yapışqandan istifadə olunmayıb. Şəbəkə sənətini həm texniki, həm də estetik baxımdan nadir edən məhz bu xüsusiyyətdir. Bu möcüzəli sənətin arxasında isə Şəki sənətkarlarının ustalığı, səbri və zəhməti dayanır. Bəzən bu sənət növünü “səbr” sənəti də adlandırırlar.

2019-cu ildə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Şəki Azərbaycanın ən mühüm qastronomik mərkəzlərindən biridir. Bu bölgə şip-şirin paxlavası, Şəki qübariyyəsi, tel halvası, bamiyəsi ilə məşhurdur. Şəki halvasının dadı, ətri də başqadır. Şəkiyə gələn qonaqlar halvadan dadmadan getməzlər. Bəs bu dadın sirri nədir? Gələn görüşümüzdə məhz Şəkinin ləzzətli təamlarından, kəlağayısından, sənətkarlığından və hər kəsi heyran qoyan digər gözəlliklərinin sirlərindən danışacağıq.