Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə və Cüdo Federasiyasına təşəkkür edib.
O, bununla bağlı IJF-nin mətbuat xidmətinə açıqlama verib.
Marius Vizer bildirib ki, Bakıdakı dünya çempionatı Azərbaycanın cüdoya güclü dəstəyini bir daha nümayiş etdirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə idmanın inkişafına uzun illər göstərdiyi diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edib.
IJF prezidenti, həmçinin Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevə çempionatın yüksək peşəkarlıqla təşkilinə görə təşəkkür edib. O, yarışın uğurla keçirilməsinə töhfə verən qonaqlara, tərəfdaşlara və IJF səfirlərinə də minnətdarlığını bildirib, dünya çempionlarını və medalçıları təbrik edib.
Qeyd edək ki, oktyabrın 4-11-də keçirilən beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparıb.