Londonda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” bədii filminin nümayişi təşkil olunub.
Tədbir Londondakı Kral İncəsənət Cəmiyyətinin binasında keçirilib.
Politoloq-jurnalist Neil Vatson filmin yaranma tarixi, süjet xətti və Azərbaycan kinematoqrafiyasındakı əhəmiyyəti haqqında məlumat verib.
Bildirilib ki, 1945-ci ildə rejissor Rza Təhmasib tərəfindən ekranlaşdırılan “Arşın mal alan” filmi Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı eyniadlı operettası əsasında çəkilib.
Tədbirdə filmin Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə bərpa edilmiş və rənglənmiş versiyası nümayiş etdirilib.