Müasir dünyada dövlətlərin rəqabət gücünü müəyyən edən amillər sırasında elmi biliklər, innovasiyalar və əqli mülkiyyət xüsusi yer tutur. Süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə intellektual məhsulların qorunması, müəllif hüquqlarının təmin edilməsi və elmi yeniliklərin təşviqi daha böyük əhəmiyyət qazanır. Bu məsələlər Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın yeni istiqamətlərindən birinə çevrilir.

 

Oktyabrın 12-də Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib. Tədbirin iştirakçılarına müraciət ünvanlayan Prezident İlham Əliyev Türk dünyasının zəngin elmi və mədəni irsinin, böyük insan kapitalının və artan innovasiya potensialının bu sahədə sıx əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib.

Dövlət başçısı Azərbaycanın təşkilata sədrliyi dövründə Türk dünyasının birliyinin gücləndirilməsinə, TDT-nin institusional inkişafına və beynəlxalq nüfuzunun artırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Texnoloji tərəqqi yeni imkanlarla yanaşı, hüquqi və institusional çağırışlar da yaradır. Süni intellektin və rəqəmsallaşmanın sürətli inkişafı fonunda müəlliflərin və ixtiraçıların hüquqlarının qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında tarazlığın təmin edilməsi vacib məsələlərdəndir. Prezident İlham Əliyev müraciətində məhz bu məqama diqqət çəkərək yeni texnologiyaların imkanlarından səmərəli istifadə ilə yanaşı, əqli mülkiyyət hüquqlarının etibarlı müdafiəsinin əhəmiyyətini qeyd edib.

Dövlət başçısının müraciətində xüsusi vurğulanan məsələlərdən biri də Türk xalqlarının ortaq mədəni irsinin qorunmasıdır. Bu irsin mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Çünki mədəni irsin qorunması yalnız tarixi yaddaşın mühafizəsi deyil, həm də xalqların kimliyinin, mənəvi dəyərlərinin və ortaq tarixinin gələcək nəsillərə ötürülməsidir.

Prezident İlham Əliyev Azərbaycanda əqli mülkiyyət hüququnun əsaslarının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulduğunu və sonrakı illərdə daha da təkmilləşdirildiyini də diqqətə çatdırıb.

Ümumiyyətlə, ortaq mədəni irsin qorunması, elmi yeniliklərin təşviqi və intellektual əməyin hüquqi müdafiəsi Türk dövlətləri arasında inteqrasiyanın möhkəmlənməsinə xidmət edən vacib istiqamətlərdir.