Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biri Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 23 illik dövrlə bağlıdır. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın etimadını qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlətimizin başçısının ali dövlət vəzifəsində fəaliyyətə başladığı ilk günlərdən nümayiş etdirdiyi idarəçilik məharəti, qətiyyətli və milli maraqlara əsaslanan daxili və xarici siyasəti sonrakı illərdə mühüm nəticələrlə müşayiət olundu. Xalqın öz Liderinə inamı və etimadı daha da möhkəmləndi.

 

Prezident İlham Əliyevin 2003-cü ildən başlayan prezidentlik dövründə Azərbaycan iqtisadi inkişaf, ordu quruculuğu, ərazi bütövlüyünün bərpası və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətlərində mühüm mərhələlərdən keçib. Qarabağ Zəfəri və Böyük Qayıdış bu tarixi dövrün ən əhəmiyyətli hadisələri sırasındadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Şuşanın azad olunması Zəfərin rəmzinə çevrildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını və bölgədə yeni mərhələnin başlanmasını təmin etdi.

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu. Bu hadisə dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi baxımından müasir tariximizin mühüm mərhələsi oldu.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir.

Ötən illərdə Azərbaycanın iqtisadi imkanları genişlənib, enerji və nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib. İqtisadi siyasətin digər mühüm istiqamətləri qeyri-neft sektorunun inkişafı, regionlarda infrastrukturun yenilənməsi, rəqəmsallaşmanın genişləndirilməsi və yeni iş imkanlarının yaradılmasıdır. Bu tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin uzunmüddətli inkişafına yönəlib.

Ordu quruculuğu, iqtisadi imkanların artırılması və dövlət institutlarının gücləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin yüksəlməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti milli maraqların qorunması, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir. Ölkələr arasında münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulması Azərbaycanın xarici siyasət xəttinin əsas istiqamətlərindəndir.