Ölkəmiz yenə möhtəşəm bir tədbirə ev sahibliyi etməkdədir. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər sammit çərçivəsində dünyanın və xüsusilə Asiya regionunun nəzərləri paytaxtımıza yönəlib.

 

Belə ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti öz işinə başlayıb. Bu sammit Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun növbəti göstəricisidir. 2024–2026-cı illərdə təşkilata sədrlik edən Azərbaycan 28 üzv dövləti birləşdirən bu platformanın institusional inkişafına, regional əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinə töhfə verir.

“Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı ilə həyata keçirilən sədrliyin əsas istiqamətləri təhlükəsizlik, nəqliyyat bağlantıları, rəqəmsallaşma və dayanıqlı inkişafdır. Prezident İlham Əliyev də təşkilatın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsini və üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndirilməsini prioritetlər kimi müəyyənləşdirib.

Sammit ərəfəsində Bakıda keçirilən ilk AQEM Media Forumu da bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev həmin foruma müraciətində medianın yalnız informasiya mübadiləsi vasitəsi deyil, həm də ictimai diplomatiyanın və qarşılıqlı anlaşmanın vacib aləti olduğunu vurğulayıb.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi də bu mövqeyi gücləndirən amillərdəndir. 2024-cü ildə keçirilən COP29 və bu il təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ölkənin qlobal məsələlərin müzakirə olunduğu platforma kimi rolunu nümayiş etdirib. Siyasi sabitlik, müasir infrastruktur və yüksək təşkilatçılıq təcrübəsi Azərbaycanın beynəlxalq tədbirlər üçün etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradır.

AQEM Sammiti Azərbaycanın regionda sülh və təhlükəsizlik təşəbbüslərini təqdim etməsi baxımından da əhəmiyyətlidir. Ölkəmizin münaqişədən sonrakı mərhələdə sülh quruculuğu təcrübəsi beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyi mühüm təcrübədir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə genişlənən əlaqələri də regional təhlükəsizlik və əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Energetika və nəqliyyat layihələri ilə yanaşı, siyasi sabitlik və qarşılıqlı etimad Avrasiyada davamlı inkişafın əsas şərtləri kimi çıxış edir. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat istiqamətlərində Azərbaycanın mövqeyi isə ölkənin tranzit və logistika imkanlarını daha da artırır.

Beləliklə, Bakıda keçirilən AQEM-in VII Sammiti yalnız yüksək səviyyəli beynəlxalq görüş deyil, həm də Asiyada təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı etimadın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platformadır.