Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması, Laosun 29-cu üzv dövlət kimi qəbul edilməsi və Bakı Bəyannaməsinin qəbul edilməsi ilə yadda qaldı. Sammitdə Asiyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların inkişafı əsas müzakirə mövzuları oldu.

 

Azərbaycanın son iki ildə təşkilata sədrliyi dövründə görülən işlər və irəli sürülən təşəbbüslər Zirvə Görüşündə xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev çıxışında ölkəmizin AQEM-in institusional potensialının gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın təşviqi istiqamətində fəaliyyətini diqqətə çatdırdı.

“Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm”.

Zirvə Görüşündə Azərbaycanın sədrliyinin daha iki il uzadılması qərarı üzv dövlətlərin ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinin davam etdirilməsinə verdiyi dəstəyi ifadə edir. Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və İsrail prezidentləri də çıxışlarında Azərbaycanın AQEM-in fəaliyyətinə verdiyi töhfələri və sammitin yüksək səviyyədə təşkilini qeyd etdilər.

Zirvənin digər mühüm nəticəsi Laosun AQEM-ə 29-cu üzv dövlət kimi qəbul edilməsi oldu. Bununla təşkilatın üzvlük dairəsi genişləndi, Asiya ölkələri arasında dialoq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yarandı.

Sammitin yekun sənədi olan Bakı Bəyannaməsində regional təhlükəsizlik, etimad quruculuğu, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və rəqəmsal bağlantıların gücləndirilməsi kimi məsələlər əksini tapdı. Sənəddə süni intellektin yaratdığı imkanlar və risklər, elm, təhsil və innovasiyaların inkişafı, eləcə də sivilizasiyalararası dialoqun təşviqi də diqqət mərkəzində oldu.

Beləliklə, Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq platformalarda iştirakı, çoxtərəfli diplomatiyaya töhfəsi və Asiyada sülh, təhlükəsizlik və əməkdaşlığın təşviqinə yönəlmiş təşəbbüslərinin müzakirəsi baxımından əhəmiyyət daşıdı. Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması isə ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinin davam etdirilməsi üçün yeni mərhələ açdı.