Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi təkcə coğrafi yerləşmə ilə deyil, həm də həyata keçirdiyi çoxşaxəli xarici siyasət, etibarlı tərəfdaşlıq münasibətləri və regional proseslərə verdiyi töhfə ilə müəyyən olunur. Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı rolunu oynayan ölkəmiz Avrasiya məkanında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni tərəfdaşlıq platformalarının formalaşmasına töhfə verir.

 

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM-in 7-ci Zirvə Görüşü də Azərbaycanın artan beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyaya verdiyi önəmin növbəti nümayişidir. Müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələri bir araya gətirən bu platforma dialoq, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasını, regional və qlobal çağırışlar qarşısında əməkdaşlığa əsaslanan mövqeyini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, müasir dövrdə təhlükəsizliyin təmin olunması, sabitliyin qorunması və iqtisadi əlaqələrin inkişafı ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini tələb edir.

Azərbaycanın təşəbbüsləri də məhz bu prinsiplərə söykənir. Ölkəmiz regional əməkdaşlığın genişləndirilməsini, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafını və dövlətlər arasında siyasi dialoqun gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirib. Bu yanaşma Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, həm də yeni əməkdaşlıq imkanlarının formalaşmasına təsir göstərən aktor kimi mövqeyini gücləndirir.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə atılan addımlar bu platformanın institusional baxımdan güclənməsinə də xidmət edib. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi təşkilatın fəaliyyət istiqamətlərini genişləndirib. Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev deyib:

“Azərbaycanın məhz nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və nəqliyyat əlaqələrinin gücləndirilməsi, eyni zamanda iqtisadiyyatın rəqəmsallaşdırılması siyasəti məhz bu təşkilatda da demək olar ki, əsas tələblərdən biridir. Görürsüz, bunlar üst-üstə düşür və bu baxımdan Azərbaycan bu məsələləri daha qabarıq formada gündəmə gətirə bildi, yeni gündəm formalaşdırdı. Azərbaycanın bu iki il ərzindəki fəaliyyəti üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildi”.

Əlbəttə ki, üzv dövlətlərin yekdil dəstəyi Azərbaycanın təşkilat daxilində apardığı işə və gələcək təşəbbüslərinə göstərilən etimadın ifadəsidir. 2028-ci ilədək davam edəcək sədrlik ölkəmizə AQEM-in institusional inkişafını sürətləndirmək, əməkdaşlıq mexanizmlərini gücləndirmək və üzv dövlətləri ortaq məqsədlər ətrafında daha sıx birləşdirmək üçün əlavə imkanlar yaradır.