Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Slovakiya Milli Bankının sədri Peter Kazimirlə görüşüb.

 

AMB-dən bildirilib ki, görüş zamanı qlobal və regional makroiqtisadi mühit, maliyyə sektorunda müşahidə olunan inkişaf meyilləri və iki qurum arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqi məqsədilə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.