Azərbaycan Alpinizm Federasiyasının (AAF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda idman dırmanması üzrə ölkə çempionatı keçiriləcək.
AAF-dan bildirilib ki, “Climb Baku” İdman Dırmanma Mərkəzində təşkil olunacaq yarışda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparacaqlar. Dörd gün davam edəcək çempionatda qadın və kişi idmançılar texniki hazırlıqlarını, fiziki dözümlülüklərini və dırmanma bacarıqlarını nümayiş etdirəcəklər.
Yarış proqramına əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, bir gün sonra isə final mərhələsi keçiriləcək. Oktyabrın 24-də idmançılar bouldering növü üzrə təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Çempionatın sonuncu günü - oktyabrın 25-də bu növ üzrə final yarışları təşkil olunacaq.