Cənubi Afrikanın “Independent Online” (IOL) xəbər portalında və “EDNews Africa” informasiya platformasında Azərbaycanın “ASAN xidmət” və DOST mərkəzlərinin fəaliyyətinə, dövlət idarəçiliyində şəffaflığın təmin edilməsinə və rəqəmsal xidmətlərin inkişafına həsr olunmuş məqalələr dərc edilib.
“Azərbaycanın ASAN və DOST modeli: şəffaflıq və texnologiya vasitəsilə dövlət xidmətlərinin yenidən qurulması” sərlövhəli məqalələrdə ölkəmizin dövlət xidmətləri sahəsində həyata keçirdiyi islahatlar, innovativ idarəetmə təcrübəsi və bu modelin beynəlxalq səviyyədə qazandığı nüfuzdan bəhs olunur.
Nəşrlər yazır ki, “ASAN xidmət” və DOST mərkəzləri Azərbaycanda dövlət və sosial xidmətlərin göstərilməsi sahəsində mühüm yeniliklərə imza atıb. Texnologiya, şəffaflıq və vətəndaşyönümlü idarəetmə prinsiplərinə əsaslanan bu təşəbbüslər dövlət xidmətlərinə çıxışı asanlaşdırıb, bürokratik maneələri azaldıb və dövlət qurumlarının hesabatlılığının gücləndirilməsinə töhfə verib.
Məqalələrdə qeyd olunur ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət idarəçiliyinin müasirləşdirilməsinə yönəlmiş institusional islahatların tərkib hissəsi kimi fəaliyyətə başlayıb. “Bir pəncərə” prinsipi əsasında qurulan bu model vətəndaşların müxtəlif dövlət qurumlarına müraciət etmədən çoxsaylı xidmətlərdən vahid məkanda yararlanmasına imkan yaradıb.
Nəşrlərin məlumatına görə, hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 15 dövlət qurumu və 30 özəl təşkilat tərəfindən 400-dən çox xidmət təqdim olunur. Yarandığı gündən indiyədək “ASAN xidmət”ə 91 milyondan çox müraciət daxil olub, vətəndaş məmnunluğu səviyyəsi isə 99,8 faizə çatıb.
Yazılarda “ASAN xidmət”in innovativ texnoloji həllərindən də bəhs olunur. Elektron sənəd idarəetməsi, biznes analitikası, insan resurslarının idarə olunması, monitorinq və qiymətləndirmə alətləri, “ASAN ödəniş” və “ASAN müraciət” sistemləri xidmət keyfiyyətinin artırılmasına yönəlmiş mexanizmlər kimi təqdim edilir.
Eyni zamanda, ucqar bölgələrdə yaşayan vətəndaşların dövlət xidmətlərinə çıxışını təmin etmək məqsədilə yaradılmış səyyar “ASAN xidmət”in fəaliyyətindən danışılır. Qeyd edilir ki, xüsusi təchiz olunmuş 10 avtobus müəyyən edilmiş qrafik əsasında regionlara səfər edərək vətəndaşlara yerində xidmət göstərir.
Məqalələrdə “ASAN Radio” və ASAN TV-nin fəaliyyəti də qeyd olunur. Bu media platformalarının dövlət xidmətləri haqqında məlumatlılığın artırılmasına, şəffaflığın təşviqinə və vətəndaş iştirakçılığının gücləndirilməsinə xidmət etdiyi bildirilir. Nəşrlər Azərbaycanın “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə tanınmasına və digər ölkələr tərəfindən öyrənilməsinə geniş yer ayırıb.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla 30-dan çox anlaşma memorandumu və əməkdaşlıq sazişi imzalayıb. Rumıniya, Türkiyə, İndoneziya, Pakistan, Efiopiya, Monteneqro, Mərakeş, Uqanda, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası və Qvineya-Bisau ilə qurulan əməkdaşlıq əlaqələri xüsusi vurğulanır.
Məqalələrdə Uqanda, Özbəkistan, Əfqanıstan, İndoneziya və Efiopiyanın dövlət xidmətlərinin təkmilləşdirilməsi məqsədilə ASAN modelinin müəyyən elementlərini tətbiq etdiyi qeyd olunur. Esvatini Krallığının da “ASAN xidmət” və DOST mərkəzlərinin yaradılması ilə bağlı Azərbaycanın texniki dəstəyinə və təcrübəsinə maraq göstərdiyi bildirilir.
Afrika ölkələrinin inkişaf perspektivlərinə toxunan müəlliflər qeyd edirlər ki, qitənin bir sıra dövlətlərində iqtisadi inkişafın sürətləndirilməsi üçün maliyyə yardımı ilə yanaşı, müasir texnologiyalara və ixtisaslı kadrlara çıxış da mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın “ASAN xidmət” modeli Afrika ölkələrində dövlət xidmətlərinin sadələşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və idarəetmənin səmərəliliyinin artırılması üçün nümunə kimi təqdim edilir.
Məqalələrdə “ASAN xidmət”in beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi də vurğulanır.
Hər iki nəşr Azərbaycanın sosial müdafiə sahəsində həyata keçirdiyi islahatlara və DOST Agentliyinin fəaliyyətinə də geniş yer ayırıb. Bildirilir ki, 2018-ci ildə yaradılan DOST Agentliyi “ASAN xidmət”in şəffaflıq və səmərəlilik prinsiplərini sosial müdafiə sahəsinə tətbiq etmək məqsədi daşıyır.
Məqalələrdə qeyd olunur ki, DOST mərkəzləri vasitəsilə əmək, məşğulluq və sosial müdafiə sahələrində 160-dan çox xidmət “bir pəncərə” prinsipi əsasında təqdim edilir. Bu yanaşma vətəndaşların müxtəlif qurumlara müraciət etmək zərurətini azaldır, sənədləşmə proseslərini sadələşdirir və xidmətlərin daha operativ göstərilməsinə şərait yaradır.
Nəşrlər DOST Agentliyinin fəaliyyətinin yalnız xidmət göstərilməsi ilə məhdudlaşmadığını da vurğulayır. Agentlik sosial müdafiəyə ehtiyacı olan şəxslər arasında sorğular keçirir, onların problemlərini araşdırır, hüquqlarının qorunması ilə bağlı təkliflər hazırlayır və müvafiq qanunvericilik təşəbbüslərində iştirak edir.
Məqalələrin sonunda vurğulanır ki, “ASAN xidmət” və DOST mərkəzləri Azərbaycanın dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatların mühüm nümunələrinə çevrilib. Şəffaflıq, texnologiya və vətəndaşyönümlü xidmət prinsiplərini birləşdirən bu təşəbbüslər dövlətlə vətəndaş arasında münasibətlərin yeni modelini formalaşdırıb. Nəşrlər “ASAN xidmət” və DOST-u Azərbaycanın beynəlxalq səviyyədə tanınan milli brendləri kimi təqdim edərək, onların dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edirlər.