İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, təbii ekosistemin qorunması və bərpası da dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda yeni yolların, yaşayış məntəqələrinin, sənaye və enerji obyektlərinin inşası zamanı ekoloji tələblərin nəzərə alınması dayanıqlı inkişafın əsas şərtlərindəndir.

 

Uzun illər işğal altında qalan bu ərazilərdə meşə fonduna, su ehtiyatlarına, torpaq örtüyünə və biomüxtəlifliyə ciddi zərər dəyib. Qanunsuz ağac kəsimi, faydalı qazıntı yataqlarının istismarı, çayların çirkləndirilməsi və təbii landşaftın deqradasiyası bölgənin ekoloji vəziyyətinə mənfi təsir göstərib. Buna görə də Qarabağda quruculuq prosesi yalnız dağıdılmış infrastrukturun yenilənməsi deyil, həm də pozulmuş təbii tarazlığın bərpası məqsədini daşıyır.

Bu istiqamətdə son dövrlər konkret tədbirlər həyata keçirilir. Oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında da işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası zamanı ekoloji tələblərə riayət olunması, yaşıllıqların qorunması və bitki örtüyünün bərpası məsələləri müzakirə edilib. Görülən işlərlə bağlı Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib:

“54 min hektardan çox tamamilə məhv edilmiş meşə ərazilərimiz var. Həmin ərazilərin bərpası ilə bağlı işlərə başlamışıq. Artıq 610 hektar ərazidə meşə bərpa layihələrini həyata keçirmişik. 200 hektardan çox ərazilərdə yeni yaşıllıqlar salınıb. Bu layihələr genişləndiriləcək. Burada mina təhləkəsizliyi ilə bağlı məsələlər işləri məhdudlaşdırılıb. Bu məhdudlar da aradan qaldırıldıqda biz daha geniş ərazilədə meşə bərpa işlərini həyata keçiriləcək və buna dəstək olaraq Cəbrail rayonu ərazisində beynəlxalq meşə təlim və tinkçilik mərkəzi tikilib və artıq istismarə verilmə ərəfəsindədir. Həmin mərkəzin illik məhsulldarlığı, illik istehsal gücü 2 milyon tink olacaq”.

Ekoloji bərpa istiqamətində mühüm addımlardan biri də Qarabağ Milli Parkının yaradılmasıdır. Prezident İlham Əliyevin 20 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərində ümumilikdə 88 min 418 hektar sahəni əhatə edən milli park yaradılıb. Bu qərar nadir bitki və heyvan növlərinin qorunması, biomüxtəlifliyin bərpası və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Qarabağda həyata keçirilən bərpa prosesi yalnız şəhər və kəndlərin yenidən qurulması ilə məhdudlaşmır. Məqsəd həm də gələcək nəsillərə sağlam ətraf mühit, zəngin biomüxtəliflik və ekoloji baxımdan dayanıqlı yaşayış məkanı ötürməkdir. Bu isə Böyük Qayıdışın iqtisadi və sosial məzmunu ilə yanaşı, mühüm ekoloji mahiyyət daşıdığını da göstərir.