Azərbaycanın xarici siyasətində qonşu Gürcüstanla münasibətlərin inkişafı mühüm prioritetlərdən biridir. Tarixi dostluq və qarşılıqlı etimada əsaslanan bu əlaqələr bu gün siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərinə qədər geniş spektri əhatə edir. Baş nazir Əli Əsədovun oktyabrın 29-30-da Gürcüstana işgüzar səfəri və keçirdiyi görüşlər isə ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir.
Səfər çərçivəsində oktyabrın 30-da Gürcüstanın Siqnaxi şəhərində Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib. Tərəflər strateji tərəfdaşlığın mövcud vəziyyətini, ikitərəfli gündəliyin aktual məsələlərini və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Səfərin əsas məqamlarından biri isə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub. Müzakirələrdə iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat, tranzit, kənd təsərrüfatı və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ön plana çıxıb.
Rəqəmlər də əməkdaşlığın dinamik inkişafını təsdiqləyir. Əli Əsədovun açıqlamasına görə, 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artaraq bir milyard dollara yaxınlaşıb. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə təxminən 4 milyard dollar təşkil edir. Bu göstəricilər Gürcüstanın Azərbaycanın regiondakı mühüm iqtisadi tərəfdaşlarından biri olduğunu təsdiqləyir.
Enerji əməkdaşlığı ikitərəfli münasibətlərin strateji sütunlarından biridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, həm də Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq və Avropaya yaşıl enerji dəhlizinin yaradılması yeni perspektivlər açır.
Nəqliyyat və logistika sahəsi də xüsusi əhəmiyyət daşıyır. Bununla bağlı Baş nazir Əli Əsədov çıxışında deyib:
“Nəqliyyat-tranzit sahəsi əməkdaşlığımızın ən vacib istiqamətlərindən biridir. Ölkələrimiz orta dəhlizin inkişafı naminə birgə səylərini davam etdirir. Orta dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yük aşırma qabiliyyətinin 5 milyon tona artırılması, uğurlu iş birliyimizin bariz nümunəsidir”.
Beləliklə, iki ölkə arasındakı əməkdaşlıq ənənəvi dostluq münasibətlərindən daha geniş məzmun alaraq Cənubi Qafqazda iqtisadi inteqrasiyanın, enerji təhlükəsizliyinin və nəqliyyat bağlantılarının gücləndirilməsinə töhfə verir.